Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Atabəylər dövrünün memarlıq fenomeni: Möminə Xatın türbəsinin bərpasına nə vaxt başlanacaq?
Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən möhtəşəm əsəri hesab olunan Möminə Xatın Türbəsi bu gün də özündə orta əsrlər Naxçıvan şəhərinin əzəmətini yaşadır. Şəhərin mərkəzində, "Əcəmi seyrəngahı"nda yerləşən türbə Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq ustalığının bənzərsiz nümunəsidir.
Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddinin xanımı, onun varisi Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə tikildiyi məlum olur. Türbənin sərdabəsində Möminə Xatından başqa atabəylər Şəmsəddin Eldəniz və Məhəmməd Cahan Pəhləvan da dəfn olunublar.
Türbənin üzərində olan əsas kitabədə kompleksin təyinatına dair məlumatlarla yanaşı, "Biz gedirik, ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!" sözləri yazılıb. Oradakı digər kitabələrdən aydın olur ki, türbənin tikintisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa çatıb.
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi onbucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılıb. Füsunkar divar naxışlarının həkk olunduğu Möminə Xatın Türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən onguşəli, daxildən isə dairəvidir.
Türbə Naxçıvana gələn səyyah və tacirlərin diqqətini özünə cəlb edib və bu, bir sıra əcnəbi müəlliflərin əsərlərində öz əksini tapıb. XIX əsrin əvvəllərində Naxçıvana gələn fransızəsilli isveçrəli arxeoloq Dübua de Monperyö abidə ilə maraqlanaraq onun kitabələrinin üzünü çıxararaq, Peterburqa, akademik Xristian Frenə göndərir. Həmin vaxtdan müxtəlif şərqşünaslar türbənin özü və kitabələri haqqında yazdıqları tədqiqat əsərlərini nəşr etdirirlər.
Türbə bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. İlkin halında türbənin hündürlüyü 35 metr olsa da, üst piramida örtüyü dağılmış abidənin indiki yerüstü hündürlüyü 25 metrə yaxındır.
Tarixi səkkiz əsrdən çox olan Möminə Xatın Türbəsi günümüzə qədər öz mövcudluğunu qoruyub saxlasa da, hazırda abidənin restavrasiya zərurəti bu istiqamətdə addımların atılmasını şərtləndirib. Aparılan müzakirələrdən sonra türbənin restavrasiyası üçün Avstriyadan olan mütəxəssislər Naxçıvana dəvət ediliblər.
Avstriyanın dünyaca məşhur "Atelier Erich Pummer GMBH" restavrasiya şirkətinin işçi qrupu Möminə Xatın Türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqinə başlayıb. Mütəxəssislər türbədə ölçmə işlərinin aparılması üçün abidəyə ilkin baxış keçiriblər.
"Atelier Erich Pummer GMBH" şirkətinin direktoru Erix Pummer "Report"un əməkdaşına açıqlamasında Naxçıvana Mədəniyyət Nazirliyinin dəvəti ilə gəldiklərini bildirib.
"Biz tarixi abidələrin restavrasiyası ilə bağlı xüsusilə son illərdə geniş təcrübə qazanmışıq. Orijinal abidənin problemlərini araşdırırıq. Bu çərçivədə kompleksin 3D lazer qutusu və bütün avtoqrafik fotoşəkilləri ilə tədqiqinə başlamışıq. Məqsəd abidəni gələcək üçün qorumaqdır, bu işin ən yaxşı həll yolunu araşdırırıq. Bu, təxminən bir həftə davam edəcək. Daha sonra isə bir neçə ay ərzində hazırlanacaq fəaliyyət konsepsiyası əsasında restavrasiya işlərinə başlayacağıq", - deyə şirkətin rəhbəri bildirib.
Qeyd edək ki, Möminə Xatın Türbəsində işlər "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"na uyğun olaraq aparılır.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Naxçıvanda "Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları" mövzusunda konfrans keçirilib
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Dövlət büdcəsindən Naxçıvana verilən pullar niyə azaldılır?
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
- Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb
Rəylər