Koreya Respublikasının Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) dəstək məqsədi daşıyan yeni beynəlxalq proqramı təqdim olunub.
Oxu.Az-a bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, Ümumdünya İrs Mərkəzinin təşkilatçılığı ilə keçirilən "SIDS ölkələrinin Ümumdünya İrsi Strategiyası" mövzusunda yüksəksəviyyəli tədbir zamanı Azərbaycanın "Kiçik ada dövlətləri (SIDS) üçün ümumdünya irsi yolunda bacarıqların artırılmasına Azərbaycan Respublikasının beynəlxalq texniki yardım təşəbbüsü" elan edilib.
Yeni təşəbbüs SIDS ölkələrinin institusional imkanlarının və peşəkar bacarıqlarının artırılmasına, kiçik ada dövlətlərinin unikal irs nümunələrinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi sahələrində ekspert və texniki dəstəyin göstərilməsinə yönəlib.
Proqramın hazırlanması Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu tərəfindən həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev proqramın UNESCO-nun bu istiqamətdə həyata keçirdiyi mühüm fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıdığını və SIDS ölkələrinin konkret ehtiyacları nəzərə alınmaqla, xüsusilə iqlim dəyişikliklərinin ümumdünya irsinin qorunması üçün yaratdığı çağırışlara cavab vermək məqsədilə praktiki potensialın gücləndirilməsinə yönəlmiş dəstək mexanizmlərini təmin etdiyini bildirib. Qeyd olunub ki, proqram bu sahədə beynəlxalq təcrübəyə malik Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu tərəfindən cəlb ediləcək peşəkar ekspertlər tərəfindən həyata keçiriləcək.
Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou çıxışında proqramın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın SIDS ölkələrinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Tədbirdə, həmçinin qeyd olunub ki, Azərbaycanın elan etdiyi təşəbbüs beynəlxalq həmrəyliyin gücləndirilməsi, ümumdünya mədəni və təbii irsinin qorunması sahəsində təcrübə mübadiləsinin təşviqi, eləcə də SIDS və digər həssas ölkələrin potensialının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.