Bir müddət əvvəl Oxu.Az-ın Qobustan şəhərində yerləşən Diri baba türbəsinin dağılması ilə bağlı qaldırdığı məsələyə rəsmi reaksiya verilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Diri Baba türbəsində ötən ilin fevral ayında kimliyi hələ də məlum olmayan şəxslər tərəfindən yanğın törədilib:
“Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına da məlumat verilib. Diri Baba türbəsinə də abidə mühafizəçilərimiz tərəfindən daim nəzarət olunur. Həmin hadisə isə axşam saatlarında törədilib.
Burada insanlarımız özləri də diqqətli olmalıdır. Axı kimsə böyük bir tarixə malik olan abidəni niyə dağıtsın ki? Ümumilikdə abidə həmin hadisəyə qədər yaxşı vəziyyətdə olub”.
Lakin buna baxmayaraq, Diri Baba türbəsində bərpa işlərinin aparılmasının nəzərdə tutulmadığı qeyd olunub:
“Diri Baba türbəsi ölkəmizin turist axını olan istiqamətlərindən biri olduğu üçün həmişə həm yerli sakinlər, həm də turistlərin ziyarət etdiyi məkan olub. Bu gün də turistlər Diri Baba türbəsini ziyarət edir.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də bir neçə tarixi abidədə təmir-bərpa işləri aparılır. Lakin Diri Baba türbəsində bu il hər hansı bərpa işlərinin aparılması nəzərdə tutulmayıb”.
İlhamə Əbülfət
Rəylər