Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Elnarə Rəsulova: "Sözlə deyilənləri xalçaya çevirmişəm"
Laçında bu gün şenlik var: yamyaşıl çəmənlərinə rəngbərəng xalçalar döşənib, alaçıqlar qurulub, milli geyimdə olan xanımlar, bəylər musiqi sədaları altında məharətlərini sərgiləyirlər - kimi yun əyirir, kimi hana qurur, kimi xalça toxuyur. Bir sözlə, "Xalça belə yarandı" deyirlər. Eyniadlı sərginin təşəbbüskarı, əslən laçınlı Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulova isə Oxu.Az-ın suallarını cavablandırır:
- Elnarə xanım, Laçında sərgi təşkil etmək fikri necə yarandı? Bu, neçənci sərginizdir?
- Mən 1982-ci ildə Laçında anadan olmuşam. Buradan çıxanda 10 yaşım vardı. Uzun illər məcburi köçkün həyatı yaşadım. Əslində, heç vaxt sərgi keçirmək düşüncəsində olmamışam. Sərgini təşkil etmək istəyimin səbəbi isə məhz Laçında olmağıdır. Mən təklifi verdim, dəyərləndirdilər. Bəlkə də, bu, birinci və sonuncu sərgimdir.
- Siz xalçaçı rəssamsınız, yoxsa xalça toxuyursunuz?
- Mən nə xalçaçı rəssamam, nə də toxucu. On iki ildir ki, Xalça Muzeyində çalışıram. Öz ideyamla bir neçə xalça yaratmışam və bu layihənin rəhbəri özüm olmuşam.
- Yaratdığınız xalçaların eskizi ilə bağlı nə deyə bilərsiniz?
- Mən öz düşüncələrimi kompüter dizaynında hazırlayıb, sonra xalçaçı rəssamla işləyib xalçaya çevirmişəm. Bütün işlərimdə ancaq Qarabağ xalçalarına üstünlük vermişəm. Məsələn, "Qasımuşağı" xalçası, "Xətai" xalçası, "Çələbi" xalçasında milli ornamentlərin hər birindən istifadə etmişəm.
- Bəs xalçalarınızın materialında nə üstünlük təşkil edir - yun, ipək, yoxsa sintetika?
- Xalçaların hər biri əl işidir və təmiz yundandır. İlmə sayları da milli ilmə sayımıza uyğundur - 50/50 sıxlıqdadır. Ən əsas işim Prezident İlham Əliyevlə bağlı olan layihədir. Orada ümummilli liderin sözlə dediyini mən xalçaya çevirmişəm.
- İpliklərin boyanmasında hansı boyalara üstünlük vermisiniz?
- Əsasən, təbii boyadan. Bu gün bizim bütün kollektiv buradadır - toxucumuz da, xalçaçı rəssamlar da, boyaqçılar da - hamısı.
- Bu xalçalar satış üçün nəzərdə tutulurmu?
- Bəli, nəzərdə tutulur. İki xalçam isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə aparılıb.
- Xalçalarınızın sertifikatı varmı?
- Bəli, sertifikatları da var, hər birinin müəllif hüququ da var.
- Maraqlıdır, siz özünüz ümumiyyətlə xalça toxumusunuz?
- Özüm, xeyr, toxumamışam, amma anam, nənəm toxuyublar.
Əzizə İsmayılova