İyulun 12-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr olunmuş “Müasir dəbdə Azərbaycan cazibəsi” adlı moda nümayişi keçirilib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib. “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin Kann şəhərində təqdimatı layihənin fəlsəfəsini və yaranma tarixçəsini əks etdirən videomaterialın nümayişi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində görkəmli italyan modelyer Renato Balestranın Azərbaycanın milli geyimləri əsasında hazırladığı kolleksiya təqdim edilib. Kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilməsi uğurlu alınıb. Kolleksiyada od və nar elementlərindən də istifadə edilib.
Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
Xatırladaq ki, bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunub.