"Kinostudiya, kino rejissorları televiziya rəssamlarına yuxarıdan aşağı baxırlar. İnanmırlar ki, biz nəsə edə bilərik. Onlar elə bilirlər ki, televiziya rəssamı xırda işlərlə məşğul olur. Fundamental iş görəcəyimizə inanmırlar".
Bunu Oxu.Az-a videomüsahibəsində 80 yaşlı Əməkdar incəsənət xadimi, quruluşçu rəssam Rafail Əsədov deyib.
Onunla videomüsahibəni təqdim edirik.
"Kinostudiya, kino rejissorları televiziya rəssamlarına yuxarıdan aşağı baxırlar. İnanmırlar ki, biz nəsə edə bilərik. Onlar elə bilirlər ki, televiziya rəssamı xırda işlərlə məşğul olur. Fundamental iş görəcəyimizə inanmırlar".
- Rafail müəllim, quruluşçu rəssam və quruluşçu rejissorun baxışları bir nöqtədə kəsişməyəndə nə baş verir?
- Bu məsələdə şəxsi münasibətdən də çox şey asılıdır. Mən ən çox Tariyel Vəliyevlə birlikdə işləmişəm. O rəhmətə gedəndən sonra isə Ramiz Mirzəyevlə (Həsənoğlu) işləməyə başladım. Rejissorların əksəriyyəti az-çox inanırdılar mənə, ona görə də nə edirdimsə, razılaşırdılar.
Rejissorla ümumi dil tapmaq isə tamaşadan-tamaşaya dəyişə bilir. Elə tamaşalar var ki, rejissor tamaşanın həllini beynində qurur və öz dediyini diktə edir ki, mən tamaşanı bu cür görürəm. Elə tamaşalar da olur ki, rejissor deyir ki, mən bunu sənə həvalə edirəm.
Məsələn, Ramiz Həsənoğlunun bir münasibətindən xoşum gəlir ki, o, əvvəlcə adamı işə inandırır, sonra həvalə edir və deyir ki, mən hələ ki heç nə demirəm, sən fikirləş, sonra oturub danışarıq. Belə olanda mən bir-iki variantın eskizini hazırlayıram. Sonra oturub rejissorla bir daha nəzərdən keçirir və rejissorun razılığını alandan sonra işə başlayırıq.
Məsələn, bizim ən uğurlu tamaşalardan biri "Fatehlərin divanı" olub. Onu çəkəndə Ramiz türk yazıçı Necdet Sevinçin "Duruşmalar" adlı kitabını mənə verdi, dedi, oxu, fikrini mənə de. Mən də oxudum, təbii. Əsər belə başlayır: böyük bir stadion və türk xalqlarının nümayəndələri oturublar həmin o böyük stadionda və hökmdarları mühakimə edirlər. Son sözü də stadionda oturan türk xalqının nümayəndələri deyəcəklər. Yəni bütün bunları səhnəyə yerləşdirmək lazımdır. Təsəvvür edin, studiyanın da eni 15 metr, uzunu 20-25 metr. Bütün bu hadisələri studiyaya yerləşdirmək bir az bacarıq, fantaziya tələb edir.
Ramiz dedi ki, tağlar olmasın. Biz tağları götürdük, ancaq sütunlar qaldı. O tamaşada həm kostyumları, həm butaforiyanı, həm rekviziti, həm dekorasiyanı mən öz boynuma götürdüm. Çünki biz elə qərara gəldik ki, işin hamısı bir əldən çıxsın.
- Rəssamlar niyə danışmağı sevmirlər?
- Bəlkə, ondan asılıdır ki, rəssamlar emalatxanada qapılırlar özlərinə, ünsiyyətdə bir qədər az olurlar - yəqin, ona görə. Amma mən sizə deyim, dramaturgiyanı rejissor qədər, hətta hansısa məqamda ondan daha çox hiss edirlər. Çünki mühit özü dramatizm yaradır rəssamda.
Moskvada rejissor Saxarova vardı, rəssamlara kurslar keçirdi. Rəssamların dramaturgiyanı hiss etməyindən danışanda deyirdi ki, mən bilirəm, elə məqamlar olur ki, rəssam dramaturgiyanı rejissordan da tez görür və fikrini rejissora deyəndə rejissorda paxıllıq yaranır ki, necə oldu ki, mən bunu hiss etmədim? (gülümsəyir)
- Kino rəssamı kimi işləmisiniz?
- Bilirsiniz, necədir, kinostudiya, kino rejissorları televiziya rəssamlarına yuxarıdan aşağı baxırlar. İnanmırlar ki, biz nəsə edə bilərik. Onlar elə bilirlər ki, televiziya rəssamı xırda işlərlə məşğul olur. Fundamental iş görəcəyimizə inanmırlar. Teleseriallarda da bir-iki dəfə iştirak etdim, gördüm, yox, mənlik deyil.
- Çəkdiyiniz şəkilləri satmırsınız. Deyirsiniz ki, onlar mənim bir parçamdır. Bəs hədiyyə verirsiniz kiməsə?
- O vaxt hədiyyə verirəm ki, o adam, doğrudan da, o sənətə valeh olsun və mənim hədiyyə verdiyim o əsər hansısa şkafın küncündə qalmasın, sənətdən başı çıxmayan kiminsə əlinə keçməsin. Çünki mən özüm şahidi olmuşdum. Getmişdim tanınmış bir adamın kabinetinə, onu siz də tanıyırsınız, gördüm, şkafın küncündə bir portret var. Dedi ki, hə, bəs bir rəssam gəlmişdi, çəkib məni. Atıb şkafın küncünə. (gülümsəyir) Mən istəmirəm işlərim sənətdən anlayışı olmayan insanların əlinə düşsün.
Qeyd edək ki, Rafail Əsədov "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Qonşu qonşu olsa", "Nigarançılıq", "Fatehlərin divanı", "Ac həriflər", "Bala, başa bəla" kimi unudulmaz tamaşaların quruluşçu rəssamı olub.
Daha çox foto burada: PhotoStock.Az
Əzizə İsmayılova
Rəylər