Ənənəvi olaraq hər il yay aylarında Tayvanın şimal-şərqində yerləşən Yilan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində Yilan Beyəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival keçirilir.
Oxu.Az xəbər verir ki, Sinshuy çayının sahilində təşkil olunan festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 saylı Musiqi Məktəbi və V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edir.

ABŞ, Kanada, Rusiya, Yaponiya, Meksika, Filippin, İndoneziya, Koreya, Tayland, İran, Hindistan, Slovakiya, Argentina, Braziliya, Venesuela, Kolumbiya, Gürcüstan və s. ölkələrdən gələn müxtəlif kollektivlərlə yanaşı, Azərbaycanın “Aysel-Buta” Folklor qrupunun çıxışları, milli rəqsələrimizin və xüsusilə də “Sarı gəlin” mahnısının ifası xarici tamaşaçıların marağına səbəb olub.

Festival, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb.

Avqustun 15-dək davam edəcək festivalda çıxışlarla yanaşı, iştirakçı ölkələrin Tayvanın mədəni həyatı ilə tanış olması üçün yerli ekskursiya və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.
A.S.
www.oxu.az