Bu gün Heydər Əliyev Sarayında Xalq artisti Təranə Muradovanın 60 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi baş tutub.
Oxu.Az xəbər verir ki, tədbirdə bir çox tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gecə ərzində Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası səhnəyə çıxaraq yaddaqalan rəqs nömrələri təqdim ediblər.
Konsert proqramında Azərbaycan rəqs mədəniyyətinin zəngin palitrası, müxtəlif dünya xalqlarının rəqsləri və Təranə Muradovanın müəllif quruluşları nümayiş olunub.
Klassikadan xalq sənətinə, müasir xoreoqrafiyadan yenilikçi kompozisiyalara qədər geniş spektrdə təqdim edilən nömrələr tamaşaçıların böyük marağına səbəb olub.
Xalq artisti Emin Ağalarovun "Azərbaycan" mahnısına Təranə Muradovanın hazırladığı xüsusi kompozisiya gecənin diqqətçəkən məqamlarından biri kimi qiymətləndirilib.
Səhnədə milli xoreoqrafiya inciləri - "Vağzalı", "Mirzəyi", "Yallı", "Qarabağ yallısı", "Azərbaycan süitası", "Qazaxı" və digər rəqslər, həmçinin özbək, qazax, rus və digər xalqların rəqsləri böyük alqışlarla qarşılanıb.
Proqram çərçivəsində Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Eldar Mansurov kimi görkəmli bəstəkarların əsərləri, müasir kompozisiyalar və xalq musiqiləri də səslənib.
Tədbir Azərbaycanın xoreoqrafiya sənətinin zənginliyini və Təranə Muradovanın bu sahədəki xidmətlərini bir daha tamaşaçıya təqdim etməklə yüksək səviyyəli mədəniyyət bayramına çevrilib.
Əzizə İsmayılova