“Bu il dünyada baş verən iqtisadi proseslər Azərbaycanla Belarus arasındakı ticarət əlaqələrinə də təsir edib”.
Oxu.Az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, dövlət başçılarının hər zaman iqtisadiyyatı diqqət mərkəzində saxladığını qeyd edib: “Qlobal iqtisadi böhranla əlaqədar olaraq, bu ilin ilk 10 ayı ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi təxminən 104 milyon dollar təşkil edib. Bu, ötən illə müqayisədə 50%-dən çox azalma deməkdir. İlin sonunda ticarət dövriyyəsinin artacağına ümid edirəm. Eyni zamanda, Azərbaycandan Belarusa ixracın 3,7 dəfə artmasını alqışlayırıq. İki ölkə arasında 300-dən çox adda məhsul üzrə idxal-ixrac əməliyyatı həyata keçirilib. Bunlardan 80 adda məhsul yenidir”.
G.Axramoviç bildirib ki, Azərbaycan və Belarus arasındakı hərbi əməkdaşlıq hansısa üçüncü ölkəyə qarşı yox, iki ölkənin hərbi potensialının inkişafına yönəlib.
A.M.