Ermənistanın iqtisadiyyat qəzeti olan “Delovoy Ekspress” özünün internet səhifəsində “Zabitimizin acgözlüyü və sərxoşluğu hamını təəccübləndirib” başlıqlı bir xəbər yaymaqla erməni ordusunun mükəmməl “nizam-intizam”a sahib olduğunu bir daha təsdiq edib.
Oxu.Az həmin məqaləni oxuculara təqdim edir:
Bu günlərdə Tbilisi şəhərində keçirilən “Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin təhlükəsizliyi” adlı mötəbər tədbirdə Ermənistan Müdafiə Nazirliyinin zabiti, polkovnik Aleksey Abrahamyanın “nümunəvi davranışı” barədə aldığımız xəbər hamımızı həm təəssüfləndirdi, həm də hiddətləndirdi.
Xəbərdə deyilir ki, Gürcüstanın Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı tərəfindən birgə təşkil olunmuş tədbir əvvəlkilərlə müqayisədə kifayət qədər maraqlı və yadda qalan olub. Lakin buna səbəb nə Qara dəniz, nə də Xəzər dənizi regionuna aid müzakirə olunan məsələlərin əhəmiyyətli olmasıdır.
Adının çəkilməsini istəməyən hərbi mənbələrdən aldığımız məlumatda deyilir ki, ölkəmizi Simpoziumda təmsil edən polkovnik Aleksey Abrahamyanın qeyri-etik hərəkətləri tədbir iştirakçılarının yaddaşından uzun müddət silinməyəcək.
Hərbi kəşfiyyat üzrə zabitlərin, hərbi attaşelərin və bir sıra ekspertlərin iştirakı ilə keçirilən Simpoziumun işinə polkovnik A.Abrahamyanın hədsiz laqeyd münasibət göstərməsi, nəzərdə tutulmuş brifinqi verməkdən imtina etməsi, müzakirələr zamanı nümayişkaranə mürgüləməsi təşkilatçıların haqlı narazılığına və onun barəsində lətifələr söyləmələrinə səbəb olub.
Bu azmış kimi ölkəmizi “yüksək səviyyədə” təmsil edən polkovnik A.Abrahamyan tədbir iştirakçılarına Gürcüstan səfərinin ən yadda qalan anlarını yaşadıb.
Gürcüstan Müdafiə Nazirliyi tərəfindən Mtsxeta şəhərinə təşkil olunan tur çərçivəsində qonaqlar üçün verilən ziyafətdə heç bir protokol qaydalarına uyğun olmayan hərəkətləri ilə ətrafdakıları təəccübləndirməkdə davam edən polkovnik görməmişliyi, acgözlüyü və spirtli içkilərə aludəliyi ilə də hamını mat qoyub.
Masadakı yeməkləri acgözlüklə yeyən, spirtli içkilərdən ifrat dərəcədə qəbul edən polkovnik A.Abrahamyan hərəkətlərinə nəzarət edə bilmədiyi üçün qonaqların istirahətinə mane olmaqla haqlı narazılığa səbəb olub. Ziyafətdən sonra qonaqlar üçün ayrılmış avtobusla Tbilisiyə geri qayıdarkən polkovnik A.Abrahamyanın spirtli içkinin təsirindən yediklərini qaytarması onu gülüş obyektinə çevirib.
Mənbə bildirir ki, yaranmış vəziyyətin Ermənistan üçün biabırçı və rüsvayedici olduğunu görən Ermənistanın Gürcüstandakı hərbi attaşesi, zabitimizin tədbir zamanı etdiyi hərəkətlərə görə xəcalət çəkdiyini etiraf edib və tədbir iştirakçılarından üzr istəyib.
Mənbənin dediklərini dəqiqləşdirmək cəhdlərimiz boşa çıxdı. Müdafiə Nazirliyinin mətbuat xidməti və Gürcüstandakı hərbi attaşemiz baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən boyun qaçırmışlar. Hərbi attaşemiz deyilənləri nə təkzib, nə təsdiq etmişdir”.