Azad olunmuş ərazilərimizə səfər edən Gürcüstan mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar, blogerlər Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
“Report” xəbər verir ki, qonaqlara cəmi 8 ay ərzində ən yüksək beynəlxalq standartlar səviyyəsində inşa olunmuş hava limanının fəaliyyəti barədə məlumat verilib.
Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib.
Uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda 8 təyyarə dayana bilir. Hava limanı İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqlarla təchiz olunub.








15:43
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan Gürcüstan mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyəti Cəbrayıl rayonunda minatəmizləmə işlərinin gedişatı ilə tanış olub.
“Report” xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) gördüyü işlər barədə məlumat verilib.
Qonaqlara, həmçinin ərazilərdə aşkar edilmiş minaların partlayış üsulu ilə zərərsizləşdirilməsi nümayiş etdirilib.




15:00
Gürcüstanın mədəniyyət xadimlərinin, ekoloqlarının, türkoloqlarının və bloqerlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
“Report” xəbər verir ki, Gürcüstan nümayəndə heyəti bu gün Cəbrayıl şəhərində olub.
Səfər çərçivəsində onlar işğal zamanı ermənilərin törətdikləri dağıntılarla, eləcə də bu ərazilərin bərpası istiqamətində aparılan işlərlə tanış olacaqlar.
Aprelin 16-da Gürcüstan nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.