Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyanın “cəsarətinin” dəyəri nədir? – RƏY
Ermənistanın yeni rəhbərliyinin danışıqlar masasına separatçı rejimin nümayəndələrini əyləşdirməsinin axrasında nə dayanır? Paşinyanın Dağlıq Qarabağ tez-tez səfər etməsini necə dəyərləndirmək olar?
Bütün bunların arxasında Xankəndidəki “Qarabağ klanı”nda tərəfdarlarını dəyişmək və Ermənistanı dərin siyasi və iqtisadi böhrandan xilas etmək niyyəti dayanır?
Bu suallara cavab tapmaq üçün Oxu.Az-ın müxbiri siyasi analitik, “Baku Network” Beynəlxalq Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadəyə üz tutub.
Ekspertin sözlərinə görə, Ermənistanın daxilində, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında proseslər yeni ssenari üzrə inkişaf etməyə başlayıb:
“Bu proseslər regionda müəyyən transformasiyalara yol aça bilər. Çox güman ki, bu ssenari Moskvada yazılmayıb: Kreml Cənubi Qafqaz zonasındakı maraqlarında “nə müharibə, nə sülh” vəziyyətindən razıdır. Moskva yaxın zamanda bu qərarın hazırki geosiyasi reallıqda nə dərəcədə uyğunsuz olduğunu “strateji müttəfiqi” qismində Ermənistan vasitəsilə alacaq”.
Məmmədzadənin fikrincə, təxribatçı siyasi ssenarilər nədənsə qlobal idman yarışları ilə paralel olaraq yaranır:
“2014-cü ildə Rusiyada Olimpiya Oyunları keçirilən zaman, Ukraynanı itirdi. Hazırda Rusiya futbol çempionatına başı qarışdığı halda, Ermənistan sürpizlə çıxış etməyə hazırlaşır”.
O, qeyd edib ki, hazırda vəziyyət paralel rejimdə inkişaf edəcək:
“Ola bilsin ki, Qarabağda müharibəni qızışdırmaq, münaqişənin miqyasını genişləndirmək, regionda proseslərin dəyişdirilməsində kimlərsə maraqlıdır”.
Məmmədzadə qeyd edib ki, Ermənistanın yeni baş nazirinin bir sıra qərarların qəbul edilməsində müstəqil olması şübhə doğurur:
“Ən başından Ermənistanın yeni rəhbərliyinin fəaliyyəti Azərbaycanla qarşıdurma və Moskvanın vasitəçi səylərinin devalvasiyası kimi dəyərləndirilib. Maraqlıdır, Paşinyanın hazırki “cəsarətinin” dəyəri nədir və kuratorlar ona və komandasına hansı vədləri veriblər?
Erməni siyasətçilərin, eləcə də Vaşinqtondan Moskvaya qədər erməni diasporunu idarə edənlər də daxil olmaqla hər kəsin güvəndiyi xəyali dividentlərə baxmayaraq, böyük ehtimalla onlar heç nə əldə edə bilməyəcəklər. Çünki hazırda Azərbaycan öz maraqlarını qorumaq üçün kifayət qədər imkanlara sahibdir”, – deyə ekspert sözlərinə əlavə edib.
“Ermənistanın isə sülh şəraitində yaşaması və qonşu dövlətlərlə birlikdə inkişaf etməsi üçün imkanı olub. Bu imkan hələ də saxlanılır. Lakin görünür ermənilər yenə də müharibəni seçirlər...”, – deyə Məmmədzadə sonda fikirlərini bildirib.
Əli MƏMMƏDOV
Rəylər