Avqustun 24-ü Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Vətən müharibəsi iştirakçısı Tehran Mənsimovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Tehran Cavid oğlu Mənsimov 1972-ci ildə Qusar rayonunun Düztahir kəndində anadan olub.
Orta təhsilini Qusar rayonunda alan Tehran məktəbi 1989-cu ildə bitirib.
1990-cı ildən 6 yanvar 1992-ci ilədək sovet ordusunun sıralarında hərbi xidmət keçib.
Azərbaycan Milli Ordusunda xidmətə başlayan Tehran Mənsimov könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib.
1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kurs keçib, bir il sonra leytenant rütbəsi alıb.
2011-13-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirərək birinci sırada təhsilini tamamlayıb.
2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayaraq, Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət edib.
Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib.
Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən biri olub.
Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "İgidliyə görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Tehran Mənsimov 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirib. Hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.