“Azərbaycan ərazilərini işğal edən və hazırda orada bizə qarşı döyüşən Ermənistan silahlı qüvvələridir. Ermənistan əhalisi isə istəmir ki, onların övladları başqa bir dövlətin ərazisində həlak olsunlar”.
Oxu.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini və ermənilərin itkilərinin sayını gizlətməyə çalışmasını şərh edərkən deyib.
Polkovnik hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz itkilərinin sayını həmişə gizlədib: “Əvvəlcə onları itkin kimi qələmə verirlər, sonra isə əgər haradasa məlumat sızsa, onda don geyindirib məsələni başqa cür təqdim edirlər. Bəzi erməni mənbələrinin məlumatına görə, Xankəndidə hospitallarda yaralılar çoxdur, ölənlər var, hətta bəzi ağır yaralıları Ermənistana aparırlar. Ordu rəhbərliyi isə itkilərin sayını gizlədir, heç bir açıqlama vermir. Onların itkilərinin sayını dəqiq deyə bilmərəm, ancaq Ermənistan cəmiyyətindəki narahatlıq göstərir ki, ölən və yaralananların sayı rəsmi olaraq göstəriləndən qat-qat çoxdur”.
Hərbi ekspertin fikrincə, Ermənistanda rəhbərlikdən tutmuş adi vətəndaşa kimi hamı bilir ki, Azərbaycan dövləti heç vaxt işğal faktı ilə razılaşmayacaq və Dağlıq Qarabağ da daxil olmaqla o torpaqlar gec-tez azad olunacaq.
A.M.