Martın 7-də Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu baş tutdu və bu danışıqlar heç bir ciddi nəticə vermədi, Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirir.
Bütün bunların fonunda rəsmi Kiyev Qərbi onlara kifayət qədər yardım etməməkdə günahlandırır.
Ölkənin səması bağlanmır, Polşa öz aerodromlarını Ukrayna təyyarələri üçün istifadə verməkdən imtina edir, Macarıstan öz ölkəsinin ərazisindən Ukraynaya silah tədarükünü qadağan edir.
Bununla belə, Ukrayna Qərbin dəstəyini də hiss edir. Bunlar Rusiyaya qarşı görünməmiş sanksiyalar və Ukraynaya silah tədarüküdür. Bundan əlavə, ölkə tezliklə Avropa İttifaqı üzvlüyünə namizəd ola bilər (yeri gəlmişkən, Türkiyə 1987-ci ildən bu statusa malikdir). Bundan əlavə, Qərbdən 20 minə yaxın könüllü Ukraynaya yollanıb.
Ukraynalı siyasətçi və ictimai xadim, Ali Radada “Xalqın qulluqçusu” parlament fraksiyasının sədr müavini Qalina Yançenko Oxu.Az-a ölkədəki mövcud vəziyyət barədə danışıb, vəziyyətin çətin olduğunu, amma buna rəğmən hamının döyüşdüyünü, cəsarət nümayiş etdirdiyini vurğulayıb.
- Məlumdur ki, yaxın günlərdə Brüssel Ukraynanın Avropa İttifaqına namizədliyinə üzv statusu ilə bağlı müraciətinə baxmalıdır. Bu status Ukraynaya nə verəcək, o, müharibəni dayandırmağa kömək edəcəkmi?
- Bütün dünya mediası Ukraynada genişmiqyaslı müharibənin başlanmasından yazır. Bu, doğrudur, lakin ümumilikdə müharibə səkkiz il əvvəl, Rusiya Krımı ilhaq edəndə, rus ordusu və texnikası Donbasa, ORDLO-ya (Donetsk və Luqansk vilayətlərinin müəyyən bölgələri) daxil olandan başlayıb.
Son səkkiz ildə Ukrayna çətinliklərlə üzləşib. Bir çox ukraynalı gənc ölkənin şərqində baş vermiş müharibədən keçməli olub. Fevralın 24-də isə müharibə yeni fazaya - genişmiqyaslı hərbi təcavüzə qədəm qoydu.
Bəli, Ukraynanın Aİ-yə üzvlüyü vacibdir, bu, müharibəni dayandırmağa kömək edəcək. Biz Avropanın tamhüquqlu hissəsinə çevrilməyənə qədər həmişə Rusiya Federasiyasının təhlükəsi ilə üzləşəcəyik. Avropa İttifaqı Ukraynanın qarşılaşdığı təhlükəni öz ərazisinə olan təhlükə kimi qəbul etməlidir. Biz Ukrayna ilə inteqrasiyanın tərəfdarı kimi çıxış edən avropalı siyasətçilərin sürətli reaksiyalarına görə minnətdarıq. Bu qərar illər, onilliklər ərzində deyil, cəmi bir həftə ərzində qəbul edilib.
- Yaxın vaxtlarda Ukraynaya namizəd statusunun verilə biləcəyi ehtimalı böyükdür. Ancaq o zaman belə bu, tam üzvlük hesab edilməyəcək...
- Amma bu, son addımdır və son dərəcə vacibdir, bu, Ukrayna və Avropa İttifaqı üçün böyük nailiyyətdir. Aİ nəhayət ki, Rusiya təhlükəsi qarşısında cəsarətlə hərəkət etməyə başlayıb. Və hesab edirəm ki, biz kifayət qədər qısa müddətdə Aİ-yə tamhüquqlu üzvlük əldə edəcəyik.
Səkkiz ildir davam edən bu müharibədə bizə Baltikyanı ölkələr və Polşa hər zaman fəal dəstək verib. Onlar Rusiya Federasiyası ilə həmsərhəddirlər və bu daimi təhlükəni hiss edirlər.
Əslində Ukrayna Rusiyanın işğal etdiyi ilk ölkə deyil. Moldovanın Dnestryanı bölgəsini, Gürcüstanın Abxaziya və Sxinvali bölgəsini xatırlatmaq istərdim. Rusiyanın avropalı qonşuları başa düşürlər ki, Rusiya daimi hərbi təhlükə mənbəyidir.
- Lakin istənilən halda belə bir təəssürat var ki, Qərb kifayət qədər fəal deyil, Ukraynanın özündə də bu haqda danışırlar. Yeri gəlmişkən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen bildirib ki, Ukraynanın Aİ-yə daxil olması üçün hərbi əməliyyatlara son qoyulmalıdır. Əks məntiq ortaya çıxır.
- Əslində Qərb çox şey edir. Bir çox Aİ ölkələri Ukraynaya kifayət qədər silah göndəriblər. Bundan əlavə, biz Beynəlxalq Legionumuzun doldurulmasını gözləyirik. Dünyanın müxtəlif ölkələrindən olan, təlim keçmiş döyüşçülər ölkəmizi qorumaq üçün Ukraynaya gəlirlər. Onların arasında hətta Cənubi Amerika qitəsindən olan şəxslər də var.
Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, müharibəyə cəlb edilmiş bir çox rusiyalı əsgər ruhdan düşmüş vəziyyətdədir. Onlara demişdilər ki, müharibə maksimum üç gün çəkəcək, guya onların hamısını gül-çiçəklə, duz-çörəklə qarşılayacaqlar, guya onlar Ukraynanı hansısa faşistlərdən azad edəcəklər. Əslində isə onları aldadıblar. İndi onlar kütləvi şəkildə nəinki ordumuza, hətta ölkəmizin ərazisinin müdafiəsinə qoşulmuş hərbi birləşmələrə təslim olurlar. Mən iki uşaq anası kimi, Kiyevdə atəş altında olan bir insan kimi ümid edirəm ki, bu müharibə tez bir vaxtda bitəcək. Rusiya silahlı qüvvələri taqətdən düşür, biz isə Qərb dövlətlərindən silah, maliyyə yardımları və Rusiya Federasiyasına qarşı misli görünməmiş sanksiyalarla daimi dəstəyə sahibik.
Nair Əliyev