44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Tağıyev Hüseyn Oqtay oğludur.
Şəhidin həyat yoldaşı Ayşən Tağıyeva Oxu.Az-a bildirib ki, qəhrəmanın geridə altı aylıq qızı qalıb:
“H.Tağıyev 1991-ci ildə Bakı şəhərində doğulub. Əslən Qərbi azərbaycanlıdır. O, orta məktəbi bitirdikdən sonra Ağdamda hərbi xidmət keçib.
Daha sonra daxili qoşunlarda işləməyə başlayıb. Sentyabrın 27-də XTQ kəşfiyyatçısı kimi döyüş bölgəsinə yollanıb.
Döyüş yoldaşlarının dediyinə görə, o, döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib”.
A.Tağıyeva vurğulayıb ki, şəhid sonuncu dəfə onun qardaşı ilə danışıb:
“Oktyabrın 4-də qardaşımla əlaqə saxlayıb. Məni və altı aylıq qızımızı ona tapşırıb. Son olaraq deyib ki, salamat qalın. Çətin əməliyyata gedirəm. Gedib dönməmək də var. Oktyabrın 5-də döyüş əməliyyatından qayıdan zaman qəhrəmancasına həlak olub”.
İlhamə Əbülfət