Lənkəranın Nərimanabad qəsəbə sakini Vasif Abiyev 2020-ci il Vətən müharibəsinə könüllü olaraq qatılıb.
Baku TV-nin məlumatına görə, könüllü şəkildə cəbhəyə yollanan Vasif döyüşlərdə qəhrəmancasına şəhid olub.
Döyüş yoldaşları bildiriblər ki, Vasif Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaralanmasına baxmayaraq, o, 60-a yaxın hərbçini mühasirədən çıxarıb.
Anası Xatirə Abiyeva Vasifin çox mərhəmətli və vətənpərvər biri olduğunu deyib:
"Bir oğlu var idi. Onu da mənə tapşırdı. Ürəyi yanan uşaq idi. Kiməsə bir şey olanda tez özünü yetirərdi. Vətənpərvər oğlan idi".
Atası Vaqif Abiyev isə Vasifin onun xəbəri olmadan hərbi xidmətə yollandığını və müharibə bitdikdən sonra bir müddət onu axtardıqlarını bildirib.
Vasif Abiyev oktyabrın 6-da şəhid olub, dekabrın 1-də Lənkəranın Nərimanabad qəsəbəsində dəfn edilib. Ailəsinin sözlərinə görə, o, sonadək şəhid yoldaşlarının qisasını almaq və Vətəni qorumaq istəyindən dönməyib.