İnsanlar sülhə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə “Qolos Ameriki” radiosuna verdiyi müsahibəsində, region xalqlarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qəbul etməyə hazır olduqlarını şərh edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Uorlik hesab edir ki, məsələ, ölkələrin rəhbərlərinin danışıqlar yolu ilə həllin əldə edilməsinə siyasi iradələrinin olmasındadır.
“Biz danışıqlar yolu ilə münaqişənin həllini və möhkəm sülh əldə etmək istəyirik. Sülhün zamanı gəlib, düşünürəm ki, insanlar regiona sülh gətirəcək rifahı alqışlayacaqlar. Əgər biz münaqişənin həllinə nail olarıqsa regionun özü dəyişəcək”, - Uorlik qeyd edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri beynəlxalq vasitəçilərə danışıqların intensifikasiyasını arzu etdiklərini bildiriblər. BMT Baş Assambleyası çərçivəsində iki ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək, bu görüşün gedişatında danışıqların yüksək səviyyədə prezidentlər Serj Sarkisyan və İlham Əliyev arasında keçiriləcək növbəti raundu hazırlanacaq.
Eyni zamanda, Uorlik Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatçılığını bildirib.
“Həmsədr vəzifəsinə gəldiyimdə, əsas təhlükə snayperlərdən gəlirdi, onlar cəbhə xəttinin hər iki tərəfində yerləşdirilmişdi və bir-birinə atəş açırdılar. İndi isə taktika dəyişdirilib, minaatanlar və ağır texnikanın istifadəsi ilə hücumlar həyata keçirilir, biz dinc əhali arasında qurbanların şahidi oluruq. Bu, yolverilməzdir, və biz tərəfləri bu qurbanlardan qaçınmağa çağırırıq”, - Ceyms Uorlik vurğulayıb.
Bununla əlaqədar o, münaqişənin sülh yolu ilə həll olunmasının əldə edilməsinin mühümlüyünü qeyd edib. Bu, regionda nəhayət ki, sülhün əldə edilməsinə imkan yaradacaq.
Vasitəçi həmçinin bəyan edib ki, ABŞ etimadın möhkəmləndirilməsinə istiqamətlənmiş tədbirləri dəstəkləyir və tərəflər ilə bu məqsədə nail olmaq üçün işləməyə hazırdır.
Onun sözlərinə görə, tənzimlənmənin əldə edilməsi üçün atəşkəsə hörmətlə yanaşmaq lazımdır.
“Atəşkəsə riayət etmədən danışıqlarda uğur əldə etmək çox çətindir, və biz ümid edirik ki, tərəflər atəşkəs rejiminə riayət edəcəklər və günahsız mülki şəxslərə zərər vuran qarşıdurmalardan qaçınacaqlar”, - Uorlik vurğulayıb.
Rusiya və Qərb arasındakı təzadlara gəldikdə isə, o, yenidən vurğulayıb ki, Moskva və Vaşinqton ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlıq etməyə davam edirlər:
“Bildiyiniz ki, bizim və Moskva arasında bir çox gərgin məsələlər mövcuddur, amma Dağlıq Qarabağ onlardan biri deyil. Biz Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə istiqamətlənmiş əməkdaşlığa hazırıq.
Mən, Rusiya və Fransadan olan həmkarlarım ilə sıx əlaqə saxlayıram. Müntəzəm olaraq görüşürük. Biz, Rusiyanın sülh yolu ilə həlli prosesində fəal iştirakını alqışlayırıq”.