Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNİB + VİDEO
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu günlük işini yekunlaşdırıb.
Oxu.Az-ın məlumatına əsasən, növbəti məhkəmə prosesi oktyabrın 25-nə təyin edilib.
12:19
Dövlət ittihamçısı Müqəddəs Sultanovun sualı Vaqif Xaçatryanı çətin vəziyyətə salıb.
Oxu.Az bildirir ki, öncə V.Xaçatryan şahidin Meşəli qətliamı zamanı 10 yaşı olduğunu əsas gətirərək ifadələrinin yanlış olduğunu deyib. Buna cavabında dövlət ittihamçısı qeyd edib ki, 10 yaşlı uşağın yaddaşı hətta yaşlı insanlardan belə, güclü olur.
Bundan başqa, M.Sultanov şahid Qərib Cəbiyevin ifadəsində Badara kəndindən olan qadınların qətliam zamanı Meşəliyə gəldiklərini, mal-qaranı qabaqlarına qatıb apardıqlarını bildirdiyini deyib. V.Xaçatryan bunu inkar edəndə isə dövlət ittihamçısı sual edib: “Bəs Meşəlidə olmamışdınsa, nə bilirsən ki, belə olmayıb?”
Videonu təqdim edirik:
11:49
Vaqif Xaçatryanın məhkəmə iclasında o, Azərbaycan xalqından üzr istədiyini bildirib.
“Mən bəzi ermənilərin törətdiyi hadisələrə görə Azərbaycan xalqından üzr istəyirəm”, - o deyib.
11:43
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Çərkəz Mehralıyev ifadə verib.
O bildirib ki, Meşəli kəndinə Badara və Daşbulaq kəndlərindəki ermənilər hücum edib qətliam törədiblər.
“Anam, bacım və qızım Meşəlidəki hadisələrdə yaralandılar. Vaqif Xaçatryan və qardaşı Qurgen də Meşəlidəki cinayətlərdə iştirak ediblər. Vaqif Xaçatryan yalan ifadələr verir. Deyir ki, guya Meşəlidəki hadisələrdə iştirak etməyib. O, yalan danışır”, - deyə Ç.Mehralıyev əlavə edib.
11:35
Vaqif Xaçatryanın məhkəmə iclasında zərərçəkmiş Teymur Salmanov onunla üzləşib.
Oxu.Az bildirir ki, zərərçəkmiş Xaçatryana etdiyi cinayətləri xatırladıb:
“Sən indi utandığından gərək başını qaldırmayaydın, amma burada hamı ilə dirəşirsən. Sizdə rəhm vardı, 14 yaşlı uşağı güllələdiniz?”
Videonu təqdim edirik:
11:19
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində növbəti zərərçəkmiş Bəyim Rəhimova ifadə verib.
Oxu.Az-ın məlumatına əsasən, Bəyim Rəhimova deyib ki, o, Meşəli hadisələrində ağır yaralanıb.
“Qardaşım Salman və həyat yoldaşım da evdə idilər. Ermənilər bizi elə mühasirəyə almışdılar ki, hamımızı qırsınlar. Qardaşım da yaralandı. Meşəlidə soyqırımı olmamışdan öncə də ermənilər bizimlə münaqişədə idilər. Meşəli hadisələrinə qədər mən özüm həkim kimi neçə yaralımızı müalicə etmişəm”, - deyə o əlavə edib.
10:47
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmişlərdən Alış Alışov ifadə verib.
Oxu.Az-ın məlumatına əsasən, Alış Alışov Vaqif Xaçatryanı şəxsən tanıdığını bildirib.
“Xocalı rayonunun Meşəli kəndində atışma olanda Vaqif Xaçatryan və qardaşı qətliamlarda iştirak ediblər. Onlar Qənimətin başına balta ilə vurduqdan sonra hələ güllələdilər də”, - deyə o əlavə edib.
10:29
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
08:14
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Rəylər