10 
Apr
2019
20:25
721
248
5324
Virtual karabakh

Prezidentin 11 ayda gördüyü işlər: Mart

10 Apr, 2019
20:25
5324

Prezidentin 11 ayda gördüyü işlər: Mart

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.

Oxu.Az-ın İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrindən növbətisi 2019-cu ilin mart ayını əhatə edir.

MARTDA ƏN MARAQLI GÖRÜŞ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. 

Dövlət başçısı görüşdə çıxış edib. İlham Əliyev görüşdə qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.

Prezident İlham Əliyev martın 11-də isə teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında zərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılıb.

BÜDCƏDƏN AYRILAN PULLAR

Dövlət başçısı mart ayında abadlaşdırma, yenidənqurma işlərinə və qurumlara 60,48 milyon manat vəsait ayırıb.

Belə ki, prezidentin sərəncamlarına görə, 

- Azərbaycan kinematoqrafiyasının inkişafına 5 milyon manat;

- Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 11 milyon manat;

- Azərbaycan teatrlarının inkişafı ilə əlaqədar 1,8 milyon manat;

- Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisinə 3,16 milyon manat;

- Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 11 milyon manat;

- Naxçıvandakı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə 449 min manat;

- Naxçıvanda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 2 milyon 206 min manat;

- Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat;

- “Çıraqqala” abidəsində bərpa-konservasiya işlərinə 2 milyon manat;

- Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmirinə 2 milyon manat;

- Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisinə 6,81 milyon manat;

- Lənkəranda yol tikintisinə 2,9 milyon manat;

- Nərimanov rayonunda yolların yenidən qurulmasının davam etdirilməsinə 6,3 milyon manat;

- Ticarət mərkəzindəki yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün 3 milyon manat ayrılıb. 

REGİONLARA SƏFƏR

Prezident İlham Əliyev martın 6-da Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub.

Daha sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

KADR İSLAHATLARI

Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları və dəyişiklikləri ilə yadda qalıb. Bunların bir qismi mart ayına təsadüf edir.

Dövlət başçısının sərəncamına uyğun olaraq, Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

İlham Əliyevin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

VACİB İCLASLAR

Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılışında iştirak edib.

Mərasimdə çıxış edən prezident deyib ki, multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir:

“Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir”. 

Dövlət başçısı çıxışında əlavə edib ki, Ermənistan hökumətinin danışıqların formatını dəyişməyə cəhd etməsi qəbuledilməzdir.

ƏFV SƏRƏNCAMI

Prezident İlham Əliyev martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncam 431 nəfərə şamil edilib.

PREZİDENT YENİDƏN METRODA

Dövlət başçısı martın 26-da Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

TİCARƏT MƏRKƏZİNDƏKİ GÜCLÜ YANĞIN DİQQƏT MƏRKƏZİNDƏ

Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Dövlət başçısı yanğının qarşısının alınması və törətdiyi fəsadların aradan qaldırılması, eləcə də, hadisədən ziyan görən şəxslərə yardım edilməsi ilə bağlı tapşırıqlarını verib.

İlham Əliyev “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

VYANAYA VACİB SƏFƏR

Prezident İlham Əliyev martın 28-də Avstriyaya işgüzar səfərə gedib. Səfər zamanı dövlət başçısı bir sıra vacib görüşlər keçirib. 

Vyanada Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilib. 

Bu, Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin ilk rəsmi görüşü olub. Bundan əvvəl üç dəfə qeyri-rəsmi görüş baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri