23 
May
2019
16:23
12
133
6374
Virtual karabakh

Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

23 May, 2019
16:23
6374

Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 23-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub.

Oxu.Az-ın xəbərinə görə, qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.

Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Bu qanun layihəsi isə səs-küysüz ötüşməyib. Bəziləri sözügedən layihənin ölkə vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını məhdudlaşdıracağını dilə gətirib. 

Adıçəkilən komitənin üzvü Fəzail Ağamalı Oxu.Az-a açıqlamasında qanun ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib. O, hər hansı məhdudlaşdırılmanın nəzərdə tutulmadığını deyib:

“Bu, qeyri-obyektiv, qərəzli yanaşmadır. Əslində, təqdim edilmiş, ilkin müzakirəyə çıxarılmış qanun layihəsi vətəndaşların təkcə seçib-seçilmək hüquqlarını Azərbaycan qanunvericiliyi baxımından tənzimləməklə, şərtləndirməklə kifayətlənmir, eyni zamanda, bu sənəd özlüyündə imkan verir ki, vətəndaşlarımız qanunvericilik təşəbbüsü ilə də çıxış etsin.

Qanun layihəsi belə bir təşəbbüs qrupunun formalaşdırılması ilə bağlı hər hansı bir məhdudiyyət qoymadan şəraitin yaradılması üçün tam əsas verir. Onu da deyim ki, qanun layihəsinin geniş ictimai müzakirəsi iyunun əvvəllərində keçiriləcək.

Biz özümüz isə komitədə bir saatdan yuxarı müzakirələr apardıq və müzakirələrdə hər bir millət vəkili qanun layihəsinin təkmilləşdirilməsi üçün fikirlərini söylədi. İşçi qrupu isə, heç şübhəsiz ki, bunları da nəzərə alaraq, bitkin bir qanun layihəsini ictimai müzakirələrə təqdim edəcək.

Ümidvaram ki, ictimai müzakirələrə seçki proseslərində bu və ya digər şəkildə yeri olan, rol oynayan, müəyyən təcrübəyə malik qurumlar dəvət ediləcək və onların konstruktiv xarakter daşıyan, sənədin təkmilləşməsinə xidmət edən tövsiyələri, təklifləri nəzərə alınacaq.

İşçi qrupu bu müzakirələrdən sonra tam təkmil sənədi komitəmizə, komitəmiz də öz növbəsində plenar iclasa tövsiyə edəcək. Eyni zamanda, ümidvaram ki, bu, vətəndaş cəmiyyətinin qorunması prosesində vətəndaşların rolunun artırılmasında ciddi bir qanun olacaq”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri