“Azərbaycandan neft və neft məhsulları tədarükü olmadan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəsi mümkünsüz olardı”.
Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan çatdırırdı. Bütün bunlar olmadan müharibədə qələbə mümkün olmazdı”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Milli Müdafiə” jurnalının yaxın günlərdə işıq üzü görəcək may sayı üçün müsahibəsində deyib.
Prezident qeyd edib ki, Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox nümayəndəsi iştirak edib və onlardan 300 mini həlak olub. Sovet İttifaqı Qəhrəmanlarından 120-dən çoxu Azərbaycandan gələnlərdir, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla mükafatlandırılıb.
“Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü yaxınlaşır. Biz tarixdəki bu günə xüsusi önəm veririk, döyüş meydanında və arxa cəbhədə qələbədə əməyi olanların xatirəsini dərin ehtiramla yad edirik, canları bahasına dünyanı faşizmdən xilas edən zabit və əsgərlərin şücaətinə minnətdarlığımızı bildiririk”, - deyə İ.Əliyev bildirib.
Ölkə başçısı, həmçinin, Azərbaycanda yaradılan 416-cı Taqanroq Diviziyasının Qafqazdan Berlinə qədər şərəfli bir hərb yolu keçdiyini də xatırladıb.
“Bizim ölkəmizdə Böyük Vətən Müharibəsi cəbhələrində rəşadətlə döyüşərək, Azərbaycan bayrağını yüksəklərdə tutan, xalqımızın ən yaxşı keyfiyyətlərini -vətənpərvərlik, cəsarət, doğma vətəninin qorunmasında dəyanət nümayiş etdirmiş bu diviziyanın döyüşçülərinin şücaəti və cəsarəti ilə fəxr edirlər”, - deyə Prezident vurğulayıb.