"Hellouin" kraliçası hesab edilən Haydi Klum bu il də pərəstişkarlarını təəccübləndirib.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, 53 yaşlı supermodel Nyu-Yorkda 25-ci dəfə təşkil etdiyi kostyum gecəsinə nəhəng, kəsilmiş əl obrazında qatılıb.
Üstəlik, bu, onun öz sol əlinin nəhəng təsviri olub. Klum konstruksiyanın içərisində demək olar ki, tamamilə gizlənib. Yalnız gözləri və ağzı görünən modelin obrazının daha real təsir bağışlaması üçün makiyaj ustaları qırmızı dırnaqları, üzükləri, ovuc xətlərini və barmağındakı kiçik döyməni də incəliklə hazırlayıblar.
Qeyri-adi görüntülər oktyabrın 31-də keçirilən gecədən sonra yayılıb. Model bir neçə gün əvvəl makiyajının ayrı-ayrı detallarını paylaşaraq bu dəfə xüsusilə qorxulu obrazla çıxış edəcəyinə işarə etmişdi.
Klumun "Hellouin" kraliçası titulunu qazanması təsadüfi deyil. O, 2000-ci ildən etibarən hər il öz kostyum gecələrini təşkil edir və mürəkkəb makiyajı, qeyri-adi geyimləri və orijinal obrazları ilə diqqət çəkir.