Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi diaspor təşkilatlarını Dağlıq Qarabağdakı münaqişənin gərginləşməsi ilə əlaqədar mövcud vəziyyəti anlayışla qarşılamağa, həmçinin Rusiya qanunları və normaları çərçivəsində hərəkət etməyə çağırıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumatda o da bildirilir ki, təkcə bir gün ərzində səfirliyə Vətənlərini qorumaq istəyini bildirən soydaşlarımızdan 50-dən çox müraciət daxil olub.
Diplomatik nümayəndəlik həmvətənlərinə göstərdikləri vətənpərvərliklərinə görə dərin minnətdarlıqlarını bildirib və Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etmək üçün istənilən vəzifəni müstəqil şəkildə həll etməyə qadir olduğunu vurğulayıb.
Səfirlik həmçinin vəziyyətin indiki gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyini günahlandırıb.
Diplomatik qurum şəhid olmuş Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verib.