18 
Avq
2022
15:08
116
14
1957
Virtual karabakh

Şimali Kiprin Bakıdakı nümayəndəsi: “Tarixi həqiqətləri deməyimizi istəmirlər” - MÜSAHİBƏ + FOTO

18 Avq, 2022
15:08
1957

Şimali Kiprin Bakıdakı nümayəndəsi: “Tarixi həqiqətləri deməyimizi istəmirlər” - MÜSAHİBƏ + FOTO

“Bu, arzuedilən bir görüş idi. Nəticə etibarilə iki qardaş ölkənin liderləri görüşdü. Ümid edirik ki, əlaqələr bütün sahələrdə inkişaf edəcək. Cənubi Kipr Respublikası və Yunanıstan mediası sözügedən görüşün keçirilməsinə etiraz etdilər, bir sıra xoşagəlməz xəbərlər tirajladılar. Bütün bunlar göstərir ki, Şimali Kipr liderinin, xalqının gerçəkləri danışmasına belə onların dözümləri yoxdur. Başqa bir ölkənin dövlət adamı ilə görüşməyimiz və tarixi həqiqətləri, problemin nə olduğunu danışmağımızı istəmirlər. Bizim necə vəziyyətdə olduğumuzu bütün dünya anlamalıdır”.

Bu fikirləri Oxu.Az-a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin Bakıya yeni təyin olunmuş nümayəndəsi Ufuk Turqaner deyib. 

Onunla Azərbaycan xatirələri, iki xalq arasında münasibətlərin inkişaf etdirilməsi yolları kimi bir sıra məsələlər barədə söhbət apardıq.

Həmin müsahibəni təqdim edirik.

- İkinci dəfədir Azərbaycana nümayəndə kimi təyin olunursunuz. Bu, təsadüfdür, yoxsa şəxsi istəyinizlə bağlıdır? 

- Əvvəla bildirim ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakıdakı nümayəndəliyi 1997-ci ildən fəaliyyət göstərir. Bizdə ölkə xaricindəki təyinatlarımız üçün keçərli olan hüquqi tənzimləmə var. Həmin hüquqi tənzimləmə çərçivəsində boş olan nümayəndəliklərimizdən hansında xidmət etmək istədiyinizlə bağlı seçim edə bilərsiniz. Mənim də seçimim Azərbaycan oldu. Sualınıza yekun cavab olaraq da deyə bilərəm ki, bəli, Bakıya ikinci dəfə gəlməyim təsadüf deyil, öz seçimimdir. 

 - Bildiyimiz qədərilə, Bakını çox sevirsiniz. Bakı hansı xatirələrlə yadınızda qalıb? 

- Tək Bakı ilə çərçivələnməyək. Ümumilikdə Azərbaycan insanda xoş bir təəssürat yaradır. Nəzərə almalıyıq ki, diplomatlar təyin olunduqları ölkələrdə uzun müddət vaxt keçirirlər. Mən də Azərbaycana ailəmlə gəlmişdim, övladlarım 5 il ərzində burada təhsil aldılar. Azərbaycanın gənclərə təsiri, onların buradakı isti xatirələri, inkişafına verdiyi töhfələr görməzdən gəlinə bilməyəcək qədər çoxdur. Qızım Azərbaycan dilində çox yaxşı danışır. Əlbəttə ki, Azərbaycanda bir çox gözəl xatirələrimiz olub, etibarlı dostlar qazanmışıq. Buradan iki ildir getməyimizə baxmayaraq, əlaqələrimiz heç vaxt kəsilməyib. Diplomat olmağın ən gözəl tərəflərindən biri də qazandığımız bu dostluqlardır. 

 - Kipr türklərinin həyatında dənizin çox böyük önəmi olduğunu deyirlər. Getdikləri ölkələrdə buna çox fikir verirlər. Bakı bu baxımdan da sanki unikal variantdır. Siz nə düşünürsünüz?

- Bakıda Xəzər dənizinin olması həqiqətən böyük bir şansdır. Heç dəniz olmayan ölkədə yaşamaq bizim üçün çox çətindir. Çünki ölkəmizin dənizi istər rəngi, istərsə də təmizliyi, eyni zamanda qumu ilə çox gözəldir. 

- Dənizdən və təbiətdən söz açılmışkən, Qapalı Maraş mövzusundan danışmaq istərdik. Maraşın turizmə qaytarılması üçün hansısa işlər görülür? 

- Qapalı Maraş bölgəsi Şimali Kipr Türk Cümhuriyyətinin torpağıdır və tədricən açılmağa başlanıb və 1974-cü ildən əvvəl Qapalı Maraş bölgəsi olduqca populyar turizm bölgəsi olub. Həmçinin bura hərbi bölgə statusuna malikdir. 2020-ci ilin oktyabrında bir qismi xalqın ziyarəti üçün açıldı. 2021-ci ilin iyul ayından etibarən 3,5 faizlik hissə hərbi bölgə statusundan çıxarılıb. Qapalı Maraş turizm potensialına malik bölgədir və buranın çimərliyi açıldığı ilk 600 gün içində təxminən 600 min turist qəbul edib.

 - Türkiyədə İlham Əliyevlə Ersin Tatar arasında görüş keçirildi. Sizcə, bu görüşdən sonra əlaqələr daha hansı istiqamətdə inkişaf edə bilər? 

- Fikrimcə, çox xoş, eyni zamanda uzun müddətdir arzuedilən bir görüş idi. Nəticə etibarilə iki qardaş ölkənin liderləri görüşdülər. Ümid edirik ki, əlaqələr bütün sahələrdə inkişaf edəcək. Cənubi Kipr Respublikası və Yunanıstan mediası sözügedən görüşün keçirilməsinə etiraz etdilər, bir sıra xoşagəlməz xəbərlər tirajladılar. Bütün bunlar göstərir ki, Şimali Kipr liderinin, xalqının gerçəkləri danışmasına belə onların dözümləri yoxdur. Başqa bir ölkənin dövlət adamı ilə görüşməyimiz və tarixi gerçəklikləri, problemin nə olduğunu danışmağımızı istəmirlər. Bizim necə vəziyyətdə olduğumuzu bütün dünya anlamalıdır. Əlaqələrin inkişafı barədə isə onu deyə bilərəm ki, Azərbaycanla qarşılıqlı olaraq bir çox sahədə əməkdaşlıq həyata keçirilə bilər. Çünki inkişaf etdirilə biləcək çox sahə var. 

 - “Mavi Vətən” layihəsində ŞKTC-nin hər hansı bir formada iştirakı gözlənilir?

- “Mavi Vətən” layihəsi çərçivəsində Şərqi Aralıqdakı maraqlarımız Türkiyə ilə eynidir. ŞKTC böyük mübarizələr aparıb və hələ də aparır. Bu günə qədər çox çətin yollardan keçmişik. Nəzərə almaq lazımdır ki, Aralıq dənizinin geosiyasi quruluşu strateji cəhətdən çox həssasdır. İstər Türkiyə, istər ŞKTC bölgədəki maraqlarını bütün platformalarda dilə gətirmək məcburiyyətindədir. Bu mövzuda da birlik və bərabərlik hər zaman olacaq.

Aysel Aslanqızı
Daha çox foto burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri