Məşhur bloqer və biznesmen Hasbulla Maqomedova məxsus "Toyota Camry" markalı avtomobil onu icarəyə götürən şəxs tərəfindən qaçırılıb.
Oxu.Az xəbər verir ki, "Mash" "Telegram" kanalının məlumatına görə, avtomobili taparaq sahibinə qaytarmaq mümkün olub.
Mənbənin iddiasına əsasən, avtoyuma və avtoservis layihəsinin uğursuzluğundan sonra Hasbik kimi tanınan Hasbulla Maqomedov Dağıstanda işlənmiş "Toyota Camry" avtomobillərinin icarəsi ilə məşğul olub.
Ötən həftə bloqer avtomobillərindən birini İnquşetiya sakininə icarəyə verib. Həmin şəxs gəlib avtomobilin açarlarını alıb, sükan arxasına keçərək ərazidən uzaqlaşıb.
Mahaçqaladan çıxarkən icarəçi peyk naviqasiya sistemini söndürüb və əlaqəni kəsib.
Jurnalistlərin məlumatına görə, Hasbik dərhal polisə müraciət etməyib və üç gün gözləyib. Daha sonra o, sosial şəbəkədə paylaşım edərək izləyicilərindən kömək istəyib.
Onun izləyiciləri axtarışlara qoşulublar və təxminən altı saat ərzində həm avtomobili, həm də onu qaçırdığı iddia olunan şəxsi tapıblar.