CNN telekanalının İran müharibəsi zamanı İsrailin öz bölmələrini Azərbaycana göndərdiyinə dair yaydığı məlumata Bakıdan çox sərt reaksiya verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının mövzuya dair təqdim etdiyi süjetdə bəhs edilir.
Bildirilir ki, Azərbaycan rəsmi dairələri xəbərdə yer alan iddiaların həqiqəti əks etdirmədiyini, heç bir konkret sübuta əsaslanmadığını və jurnalistika prinsipləri ilə bir araya sığmadığını bəyan ediblər.
Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) mövzu ilə bağlı yaydığı bəyanatda bildirib ki, CNN özünün nüfuzunu ləkələməklə yanaşı, həm də hibrid müharibənin təbliğat aləti kimi çıxış edib:
"Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır".
Agentlik, həmçinin CNN telekanalından rəsmi şəkildə üzr istəməsini tələb edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə də CNN televiziyasının iddialarına etirazını bildirib:
"İyunun 5-də "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik".