"Cənubi Qafqaz tarixinin ən həlledici mərhələsini yaşayır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, regionda formalaşmış yeni reallığın əsas faktoru sülhdür və bunun yeganə təşəbbüskarı Azərbaycandır:
"Ermənistanda keçirilən parlament seçkisi təkcə hakimiyyət yarışı deyil, erməni xalqının gələcəyi barədə fundamental qərardır. Erməni xalqının iki seçimi var: sülhə səs vermək, ya da revanşist ritorikaya aldanaraq növbəti fəlakətə sürüklənmək. Ermənistan seçkidən sonra sülh istədiyini yalnız sözlə deyil, atacağı addımlarla sübut etməlidir. Seçki kampaniyalarında "Qarabağ kartı"nın manipulyasiya vasitəsi kimi istifadəsi bir daha göstərir ki, Azərbaycan Ermənistan konstitusiyasında dəyişiklik tələb etməkdə haqlıdır. Rəsmi Bakının qəti tələbi budur. Ermənistanın əsas qanununda Azərbaycana qarşı gizli və ya açıq ərazi iddiaları birdəfəlik ləğv edilməlidir. Azərbaycan seçkidən dərhal sonra qondarma "Qarabağ" institutlarının, nümayəndəliklərinin, komissiyalarının və xarici ölkələrdəki təmsilçiliklərinin tamamilə ləğvini gözləyir. Bu strukturların saxlanılması sülh prosesinə birbaşa təhdiddir. Əgər Ermənistan rəhbərliyi səmimidirsə, bu revanşist yuvalar bağlanmalıdır. Seçki prosesində maraqlı məqamlardan biri Qərb və Rusiyanın revanşistlərlə eyni tezislərdən çıxış etməsidir. Avropa Parlamentinin qərəzli qətnamələri, Rusiyada qondarma abidələrin ucaldılması eyni ssenarinin tərkib hissəsidir. Qərb mövcud hakimiyyətə dəstək versə də, Qarabağ mövzusunda manipulyasiyalara yol verir. AŞPA və Avropa Parlamentinin müşahidəçiləri açıq qanunsuzluqlara göz yumurlar".
Onun sözlərinə görə Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən Zirvə toplantısı faktiki olaraq müəyyən namizədin lehinə təbliğat platformasına çevrilib:
"Bu mənzərə fonunda Azərbaycan Prezidenti İlham Əliyev milli maraqları qətiyyətlə müdafiə edir. O, Avropa Siyasi Birliyinin Zirvə Toplantısında Qərbin Ermənistanı silahlandırmaq siyasətini açıq şəkildə ifşa etdi. Azərbaycanın bu prinsipial mövqeyi regionun gələcəyini kənar diktələrdən qoruyan ən güclü qalxandır. Ermənistanın daxili siyasi mühiti isə böhran və qeyri-ciddilik nümayiş etdirir. Namizədlərin kampaniyaları proqramların yarışına deyil, bəzi hallarda siyasi şouya çevrilib. Baş nazirin küçələrdə meqafonla həqiqəti etiraf etməsi, əks cəbhədə revanşist şüarların səsləndirilməsi bir-biri ilə ziddiyyət təşkil edir. Eks-prezidentlərin radikal davranışları ölkədə xaotik idarəçilik ssenarisini göstərir. Bütün bunlara baxmayaraq, Azərbaycan öz gücü ilə sülh gündəliyini diktə edən tərəfdir. Ermənistan xalqı anlamalıdır ki, revanşist xəyallar və xarici güclərin əlində alət olmaq onlara yalnız fəlakət gətirəcək. Seçkidən sonra rəsmi İrəvanın qarşısında yalnız bir yol qalır: qondarma institutları ləğv etmək, konstitusiyadan ərazi iddialarını silmək və Azərbaycanın təqdim etdiyi real sülh müqaviləsini imzalamaq. Əks halda, sözü yenidən Azərbaycanın "Dəmir Yumruq" reallığı deyəcək".