Fev
2024
12:50
12
43
1514
Virtual karabakh

NATO-ya üzv olduqdan sonra İsveç nə qazanacaq? - Oxu.Az-ın isveçli analitiklə MÜSAHİBƏSİ

6 Fev, 2024
12:50
1514

NATO-ya üzv olduqdan sonra İsveç nə qazanacaq? - Oxu.Az-ın isveçli analitiklə MÜSAHİBƏSİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən, fevralın 5-də İsveçin NATO-ya daxil olması məsələsi nəhayət ki, həll oluna bilərdi. Macarıstanda - parlamenti hələ də “İsveç protokolu”nu təsdiqləməmiş yeganə ölkədə - tətildə olan deputatlar fevralın 5-də növbədənkənar iclasa toplaşmalı idilər. Lakin hakim “Fides” Partiyasından olan deputatlar ona məhəl qoymayıblar.

Mətbuatın yazdığına görə, “Fides” səsvermənin tətil bitdikdən sonra, fevralın 26-da keçirilməsinin tərəfdarıdır. Eyni zamanda, Macarıstan İsveçin Baş naziri Ulf Kristerssonun Budapeştə səfərinə qədər gözləmək fikrindədir. Lakin Kristersson Macarıstan parlamenti İsveçin Şimali Atlantika Alyansına qoşulmaq ərizəsini təsdiqləyənə qədər bu ölkəyə səfər etmək niyyətində deyil.

Düzü, Türkiyə “İsveç protokolu”nu ratifikasiya etdikdən sonra Macarıstanın da eyni şeyi edəcəyinə və bunun yaxın gələcəkdə baş verəcəyinə şübhə edənlər azdır. Beləliklə, İsveçin NATO qarşısındakı son maneəsi aradan qalxacaq. Bundan sonra İsveç üçün nə dəyişəcək?

İsveçli analitik, professor, Uppsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (IRES) tədqiqatçısı Qreq Saymons vəziyyəti Oxu.Az-a şərh edib:

- Müəyyən mənada İsveç üçün çox şey dəyişməyəcək. Stokholmun bir neçə ildir ki, səy göstərdiyi siyasi məqsədə nail olunmasının rəsmi təsdiqi və tanınması olacaq. Yeri gəlmişkən, bu hərəkat Ukraynada 2022-ci ildə başlayan müharibədən xeyli əvvəl yaranıb.

Hazırkı formada İsveç qeyri-rəsmi olaraq ABŞ-yə tabe olan vassal dövlətdir. Stokholm ABŞ-nin geosiyasi fəaliyyətinin obyektinə çevrilmək üçün beynəlxalq münasibətlərdə istənilən subyektlikdən əl çəkməyə hazırdır. İsveçin NATO-ya qoşulması ilə bağlı imzalanmış protokolların mürəkkəbi quruyan kimi İsveç dövləti rəsmi surətdə ABŞ-nin vassalı olacaq. Yeri gəlmişkən, Stokholm artıq Birləşmiş Ştatlara İsveç hərbi bazalarından istifadə etməyi təklif edib.

- Türkiyə ilə İsveç arasında münasibətlər necədir, axı Ankara uzun müddət Stokholmun NATO-ya qəbuluna qarşı çıxıb? Yeri gəlmişkən, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə bağlı qərarından sonra Ankara və Stokholm rəsmiləri arasında təmaslar intensivləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə NATO-ya üzvlük prosesi, terrorla mübarizə və ikitərəfli əlaqələri müzakirə edib. Bundan əvvəl Türkiyə və İsveçin xarici işlər nazirləri Hakan Fidan və Tobias Billström də eyni şeydən danışmışdılar. Bəs Türkiyə İsveçdən hansı güzəştləri almağa nail oldu? Hərbi mallara qoyulan embarqonun ləğvi, antiterror qanunvericiliyinin sərtləşdirilməsi, yoxsa başqa bir şey?

- Türkiyə praqmatik dövlətdir, regional gücdür və beynəlxalq münasibətlərdə mühüm amildir. Ankara reallıqları çox gözəl anlayır. Əgər Türkiyə tərəfi İsveçin NATO-ya üzv olmasına icazə vermək qərarına gəlibsə, bu o deməkdir ki, Türkiyə arxa fonda görülən işlərdən maksimum yararlanıb. İsveçin NATO-ya qəbulu ilə bağlı razılaşma danışıqlarda təzyiq rıçaqı idi. Yeri gəlmişkən, Türkiyə Cümhuriyyətinin İsveç vasitəsilə istədiyi nəticəni alması heç də vacib deyil. Avropa İttifaqı və ABŞ çox şey verdilər. Amma təbii ki, İsveç özünü yaxşı aparmağa məcbur olub, o, keçmiş təkəbbürlü hərəkətlərinin və Türkiyəyə münasibətinin əvəzini ödəyir.

- Macarıstan hansı preferensiyalar əldə edə bilər? Məlumdur ki, Stokholm və Budapeşt münasibətlərində çoxdandır sərinləşmə var. İsveç Macarıstan hökumətini “diktatura” adlandırdı, bu isə Budapeşt tərəfindən xoş qarşılanmadı və qarşılanmır.

- Hesab edirəm ki, İsveç beynəlxalq münasibətlərdə böyük rol oynamır. Stokholmun dediklərinin və etdiklərinin böyük ölçüdə əhəmiyyəti yoxdur. Eyni zamanda, ölkə daxili ziddiyyətlərdən parçalanır.

Bu vəziyyətdə “sonuncu gülən” Macarıstan olacaq. Üstəlik, Budapeştə prosesi (NATO-ya daxil olmaq - red.) sona çatdırmaq üçün hansısa cəlbedici stimullar təklif edilsə, təəccüblənmərəm. İsveç isə yəqin ki, axmaq işlərinə davam edəcək. Ancaq fərq ondadır ki, indi o, qlobal geosiyasi dəyişikliklərin bu çətin dövründə subyektə deyil, kiminsə konkret obyektinə çevriləcək. Ola bilsin ki, artıq heç bir İsveç müstəsnalığı, eləcə də İsveçin özünəməxsus təkəbbürü olmayacaq.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri