Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hakan Fidan: "Bakı ilə İrəvanın münasibətlərində Qərb ölkələrinin mövqeyi bizi qane etmir"
"Türkiyə bir sıra Qərb ölkələrinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi kontekstində mövqeyindən narazıdır".
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında bəyan edib.
"Biz səmimi olaraq ümid edirik ki, Azərbaycan və Ermənistan arasında hazırkı danışıqlar prosesi tezliklə sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu kontekstdə biz xüsusilə Azərbaycanın bu sazişin bağlanmasına olan qətiyyətli və müsbət yanaşmasını yüksək qiymətləndiririk. Lakin bəzi Qərb ölkələrinin açıq şəkildə Ermənistana üstünlük verən və Azərbaycanın narahatlıqlarını nəzərə almayan qeyri-balanslaşdırılmış münasibətindən narazıyıq. Biz türk dünyası olaraq bu prosesin uğurla nəticələnməsini istəyirik", - deyə o bildirib.
Fidan, həmçinin, vurğulayıb ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi fürsət yaranıb və bu, regionun təhlükəsizlik sahəsinə və beynəlxalq logistika imkanlarına müsbət təsir göstərəcək.
Mənbə: TASS