26 
Fev
2024
21:28
14
98
896
Virtual karabakh

Xocalı faciəsinin şahidi: “Heç ağlımıza da gəlməzdi ki, rayonu tərk edərik”

26 Fev, 2024
21:28
896

Xocalı faciəsinin şahidi: “Heç ağlımıza da gəlməzdi ki, rayonu tərk edərik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1977-ci ildə Xocalıda anadan olmuşam. Mən və ailəm Xocalı faciəsi baş verən günə qədər orada yaşamışıq. 1992-ci il fevralın 25-də axşam saat 11:00 radələrində sovet ordusunun bölmələri və ermənilər Xocalıya hər tərəfdən ağır texnikalarla hücuma başladılar... Həmin vaxt mən yatmışdım. Atam məni oyadıb tez zirzəmiyə enməyimizi söylədi. Xocalıda gərginlik başlayandan sonra biz tez-tez evimizin zirzəmisində qorunmalı olurduq, səslərdən qulaq tutulurdu. Sanki döyüş evimizin yanında, bizim öz həyətimizdə gedirdi. Qonşularımızın çoxunun evində sığınacaq yox idi. Ona görə atam həyətimizin darvazasını açıq qoydu ki, onlar da gəlib bizim evin zirzəmisində qoruna bilsinlər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocalı sakini Ramil Musayev söyləyib.

O, ermənilərin törətdikləri müsibətləri, gördüyü dəhşətləri belə nəql edir.

Heç ağlımıza da gəlməzdi ki, rayonu tərk edərik...

Təxminən gecə saat 1:00-də dayım Tahir (o döyüşçü idi) gəlib ermənilərin ahıska türklərini öldürdüyünü, evlərini yandırdıqlarını, irəlilədiklərini dedi. Bu xəbərdən sonra biz oradan çıxmalı olduq. Qonşularımızla birgə Xocalı mərkəzi poçtunun qarşısına gəldik. Orada yaşlı adamlar oturub məsləhət edirdilər. Qərara alındı ki, camaatı qırğına verməmək naminə rayondan çıxmaq lazımdır. Əhali iki istiqamətdə - Qarqar çayı və Əsgəran rayonu istiqamətlərində gedirdi. Biz Qarqar çayı istiqamətində hərəkət edirdik. Əsgərana gedənlərin hamısı mühasirəyə alınıb öldürülmüşdü. Qarqara çatanda Kətik meşəsinin içinə daxil olmaq üçün çayı keçmək lazım gəldi. Mən ayaqqabılarımı çıxarıb çayı keçməyə başlamışdım ki, ayağım sürüşdü və suya yıxıldım. Atam məni ayağa qaldırdı, ayaqqabılarımı götürdü, şalvarımın suyunu sıxdı. Mən o şaxtada həmin yaş şalvarı geyinib yenidən yola davam etdim. Soyuqdan donurdum, ayaqlarımı hərəkət etdirə bilmirdim.

Köməyimiz yox idi...

Yanımızda bizi qorumağa, atəş açılanda cavab verməyə heç kim yox idi. Bizimlə on üç hərbçi var idi. Onların da silahlarında gülləsi qalmamışdı. Rayonun əsgəri, polisi 50 nəfər olar-olmazdı. Onlar da Xocalının müdafiəsi üçün orada qalmışdılar. Rayondan çıxanda biz 200 nəfərə yaxın idik. Hər yer cəsədlərlə dolu idi. Düşmən sanki bizi izləyirdi, hər tərəfdə ermənilər vardı...

Ana öz uşağının ağlamasın deyə sinəsinə sıxdı. Körpə boğulub öldü...

Bir ara dincəlmək üçün fasilə verdik. Yanımızda körpəli bir qadın vardı. Birdən uşağı ağlamağa başladı. Ətrafdakılar ermənilərin səsi eşidib yerimizi tapmaması üçün qadına körpəsini sakitləşdirməsini dedilər. O, uşağı sinəsinə sıxdı ki, körpə bəlkə sakitləşə. Qadın qorxusundan o qədər uzun müddət uşağı sinəsinə sıxıb saxlamışdı ki, yeni doğulmuş körpə boğulub ölmüşdü. Uşağı qarın üstünə qoydular. Bir müddət sonra körpənin anası da soyuqdan donub öldü.

Üzü dağa tərəf qalxırdıq deyə çox adam yeriməkdə çətinlik çəkirdi. Dəstədə qadın, qoca çox idi, ona görə biz gec irəliləyirdik. Yolun ortasında nənəm yeriyə bilmədi, atam onu belinə alıb apardı. Bu cür çətinliklərlə təxminən 10 saat yol gedib Kətikdağa çatdıq. Dağa çatan kimi ermənilər bizi atəşə tutmağa başladılar. Biz anladıq ki, onlar orada pusquda dayanıb bizi gözləyiblər. Çünki o hündürlükdə dağa texnikanı çıxarıb rahatlamaq uzun vaxt tələb edir.

Yolu azdıq...

Atəşlərdən qorunmaq üçün əlacsız qalıb yenidən Qarqar çayına tərəf həmin on saatlıq yolu geri qayıtdıq. Yenə meşəyə girdik. Bu dəfə dağın digər tərəfi ilə hərəkət etməyə başladıq. Meşəni duman almışdı, göz gözü görmürdü. Beş-altı saat yol getmişdik ki, yolu azıb Xankəndiyə gəlib çıxdığımızdan xəbər tutduq. Ağdama getmək üçün iki dağı aşmalı idik, biz isə o yolu səhv istiqamətdə irəliləmişdik.

Bizi çağırmağa başladılar ki, gəlin, buraya gəlin...

Bir kəndə yaxınlaşdıq. Bizi çağırmağa başladılar ki, gəlin, buraya gəlin. Sevindik, düşündük ki, özümüzkülər olan əraziyə gəlib çıxmışıq. Bir az irəliləyən kimi bizi atəşə tutdular. Sən demə, kənd tamamilə ermənilərdən ibarət Dəhrəz kəndi imiş... Atəş başladı, insanlar bir-birinə qarışdı. Yanımda Zəhra adlı qadın var idi, o, qışqıranda güllə düz ağzının içindən keçdi.

Qoyun qumbaranı partladım, hamımız ölək, amma əsir düşməyək...

Əsgərlikdən təzəcə gəlmiş Telman adında oğlanın əlində tank əleyhinə qumbara var idi. Dedi ki, icazə verin qumbaranı partladım, hamımız ölək, amma əsir düşməyək. Ağsaqqallardan biri ona icazə vermədi, dedi ki, etmə uşaqlar var, camaat yazıqdır.

Olduğumuz ərazidə xəndək kimi bir yer var idi. Camaatın bir hissəsi xəndəyə düşüb dağa tərəf qaçmağa başladı. Həmin o qaçanları dağdan atəşə tutmağa başladılar. İnsanlar əlacsız qalmışdılar, nə edəcəklərini bilmirdilər. Axırda bir ağsaqqal kişi köynəyini çıxarıb əlində ağ bayraq kimi yelləməyə başladı ki, təslim oluruq. Mən isə həmin atəş vaxtı qaçıb meşəyə girmişdim. Yanımda da hərbi geyimdə iki oğlan var idi. Mənə dedilər ki, sən getmə, onları əsir aparacaqlar.

Məni tutdular...

Elə bir az keçmişdi ki, gördüm ermənilər meşəyə tərəf gəlir. Başladılar meşəni axtarmağa. Məni görəndə atəş açmağa başladılar. Ayağımdan güllə dəydiyi üçün qaça bilmirdim. Onlar gəlib məni tutdular və tankın içinə atdılar. Ümumilikdə altı erməni məni avtoservis kimi bir yerə gətirdi. Qapıdan içəri girəndə ermənilərdən biri avtomatın süngü-bıçağı ilə məni qarın nahiyəmdən vurdu. Mən elə o andaca müvazinətimi saxlaya bilməyib üzü üstə yerə yıxıldım. Əllərimi, ayaqlarımı məftillə bağladılar. Başladılar dırnaqlarımı çıxarmağa... Biri artıq bıçaq çıxarmışdı. Yəqin artıq məni öldürməyi düşünürdülər. Həmin vaxt içəri bir yaşlı erməni qadın girdi, onlara nə dedisə, məndən əl çəkdilər.

Bizi donuz fermasında saxlayırdılar...

Sonra məni donuz fermasına gətirdilər. İçəri girəndə gördüm ki, hamı buradadır. Üstümü yoxlayanda cibimdən patron tapdılar, “bununla bizi öldürəcəkdin?” deyib avtomatın qundağı ilə kürəyimə vurdular. Əvvəlcə atama mənə edilən işgəncələri demək istəmirdim. Amma o ağrıları çəkməyə artıq gücüm yox idi. Həm ayağımda güllə yarası, həm süngü-bıçaq yarası, həm də dırnaqlarımın ağrısına dözə bilmirdim. Atama hər şeyi danışdım.

Ferma qaranlıq idi, insanları güclə seçmək olurdu. İçəridən dözülməz pis qoxu gəlirdi. Bizi orada bir neçə gün saxladılar. Ermənilər demişdilər ki, bir nəfər buradan qaçsa, hamını öldürəcəklər.

Ana dedi ki, iki balamı götürün, heç olmasa birini qaytarın...

Bir gün ermənilər içəri girib hərbi formada olanları çölə çıxardılar. Yanımızdakı hərbi formalı oğlanlar çölə çıxanda bir qadın onlardan üçünün də övladı olduğunu dedi. O, bundan əvvəl bir balasını Xocalıda itirdiyini, heç olmasa, övladlarından birinin qaytarılmasını istədi.. Bunu deyən an erməni avtomatın qundağı ilə qadının başına ağır zərbə endirdi. Sonra ermənilər qapını bağladılar və dayanmadan 2-3 dəqiqə avtomatlardan, pulemyotlardan atəş açmağa başladılar. Səsdən qulaq tutulurdu. Fermanın pəncərəsi olmadığından biz heç nə görə bilmədik. Sonradan 13 nəfərdən xəbər ala bilmədik.

Oğlanlarını öldürüb, atalarına işgəncə verdilər

Anamın əmisinin iki oğlu - Zahid və Vüsal faciə vaxtı şəhid olmuşdu. Ermənilər gəlib ondan oğlu olub-olmamasını soruşdular. O da cavabında “yox” deyəndə oğlunun qarşısına cəsədini atdılar. Kişi övladının cəsədini qucaqlamaq istəyəndə onu aparıb işgəncələr verdilər.

Sonra bildik ki, rəhmətlik Allahverdi Bağırov bizi əsirlikdən azad edibmiş...

Dörd gündən sonra ermənilər bizi Əsgərandan keçirib Ağdama apardılar. Əsgərandan keçəndə o biri dəstədəkilərin cəsədlərini görüb dəhşətə gəldik. Kim var idisə, hamısı öldürülmüşdü.

Ağdama çatanda bizi Abdal-Gülablı kəndində buraxdılar. Əvvəlcə başa düşmədik, sonra bildik ki, rəhmətlik Allahverdi Bağırov bizi danışıqlar yolu ilə əsirlikdən azad edibmiş.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri