“Hand made - dünyada ən çox dəyər verilən, ən yüksək qiymətləndirilən məhsullardır, çünki hər biri sənətkarın enerjisini, ruhunu, ilhamını, istedadını insanlara ötürür. Hər birindən cəmi bir dənədir, təkrarı yoxdur”.
Yerli sənətkarlığa təkan vermək, həmçinin milli brend kimi dünya bazarına çıxmaq məqsədilə yaradılan “Gilabi Ceramics” artıq məşhur media-persona Rövşanə Ağasəfqızının təqdimatıyla nümayiş olunur. Bayram ərəfəsində “Gilabi Ceramics”in “28 May” küçəsi, 20 ünvanında yerləşən mağazasında bayram aksiyası keçirilib. Təqdim olunan işlər Balaxanı Yaradıcılıq Mərkəzində hazırlanan sənət əsərləri olub. Sözügedən mərkəzin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, keramika üzrə rəssam Emin Ələkbərov qeyd edib ki, keramika məmulatlarının hamısı peşəkar rəssamların əl işləridir.
Bu brendin bütün məhsulları - vazalar, boşqablar, fincanlar, aksesuarlar və digər dekorativ məhsullar yalnız bir ekzemplyarda hazırlanır. Burada bir əşyadan ikincisini tapmaq mümkün deyil.
Milli brendə aid əşyalar yerli xammaldan - Abşeron gilindən hazırlanır. İstehsal prosesində qabaqcıl texnologiyaların nailiyyətlərindən istifadə olunur. Bu məhsulların bir özəlliyi də budur ki, xammal kimi əsl qızıldan da istifadə olunur. Emin müəllimin sözlərinə görə, qablarda görünən süni boya deyil, əsl əyarlı qızılın özüdür.
Bakı Abadlıq xidmətilə əməkdaşlığa başlayan Rövşanə Ağasəfqızının dediyinə görə, şirkət həm də ona görə maraqlıdır ki, ən kreativ ideyalara, orijinal istehsal sahələrinə qol qoyur. Aparıcının tanıtımını etdiyi ilk məhsul “Gilabi” markasına aid unikal əsərlərdir.
Yeri gəlmişkən, təqdimat mərasimində qonaqlara məhz “Gilabi” qablarında çay, qəhvə, şirniyyat təqdim olundu. Ziyarətçilər əmin oldular ki, bu əşyalar yalnız bəzək kimi yox, istifadə etmək üçündür. “Handmade” qablar təamlara da sanki xüsusi dad qatırlar.
Qonaqlardan heç biri mağazadan əliboş qayıtmayıb. “Gilabi Ceramics”in xüsusi hədiyyələrindən əlavə kim nə alıbsa xüsusi bayram endirimi ilə alıb.
Rəylər