Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan “Eurovision”-ın finalında səsvermənin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, Azərbaycan təmsilçisi Dilarə Kazımova 22-ci yeri tutub.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, münsiflərin və tamaşaçıların verdiyi xallar ayrı-ayrılıqda göstərib ki, burada olan fərqi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verən faktlar var. 37 ölkənin hörmətli peşəkar münsifləri Azərbaycan təmsilçisi Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu. “Eurovision 2014”-də həqiqətdə nə baş verib?
Dilarənin mahnısı “Start a Fire” müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə TOP-12-də Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı.
Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu sesverməyə öz təsirini göstərdi. 2013 ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyən edir, halbuki, hələ Bakıda keçirilən “Eurovision 2012”-də təmsilçilər püşkatma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər.
Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə qoydular. Sonra isə inanılmaz bir şey baş verdi – münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nəyəsə görə 22-ci yerdə oldu. Bununla yanaşı, 21-ci yerdə Dilarə qədər xal toplayan İtaliya təmsilçisi qərarlaşıb.
Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil. Belə ki, Polşa təmsilçiləri Donatan & CleoBöyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə, yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə dənə də olsun xal görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı.
Başqa bir anlaşılmazlıq isə Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xallara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəldə o, 8-ci yerdə oldu.