Ötən gün “Gənclik Mall” AVM-də yerləşən “Cinemaplus” kinoteatrında “Bozbash Pictures” komandasının ərsəyə gətirdiyi “Bir xalanın sirri” filminin təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, gecədə sənət nümayəndələri azlıq təşkil edib.
Buna səbəb biletlərin satılması olub.
Əvvəlcə aktyorlar və qonaqlar qırmızı xalçadan keçib. Onlar media nümayəndələrinin filmlə bağlı suallarını cavablandırıblar. Yaradıcı heyət ekran işi ilə bağlı qısa məlumat verib. Film haqqında danışan komanda bildirib ki, ötənilki filmlə rekord qırıblar:
“Stalinin başı” ölkəmizdə həm yerli, həm də xarici filmlər arasında izlənmə rekordu qırdı. Bizim rekordumuzu hələlik heç bir film təzələməyib.
“Bir xalanın sirri” martın 1-dən etibarən kinoteatrlarda nümayiş etdiriləcək. İnanırıq ki, bu film “Stalinin başı”ndan daha böyük marağa səbəb olacaq. Çünki “Bir xalanın sirri” həm janr, həm çəkiliş üslubu, həm də ssenari baxımından çox fərqlidir”.
Qeyd edək ki, baş rollarında İlkin Misgərli, Azər Baxşəliyev, Ramil Babayev, İlkin Həsəni, Gülzar Əşrəfova, Beyrək Rüstəmzadə və Nicat Rəhimovun çəkildiyi film komediya janrındadır.
Ekran əsərində o biri seriyalarda olduğu kimi, qəhrəmanların başına tragikomik və fantastik hadisələr gəlir. Film çəkiliş texnikası və əkşn səhnələrin daha çox olması ilə diqqət çəkir.
Xüsusilə, filmdə əslən Salyandan olan qaradərili Vüqar adlı azyaşlı aktyorun rol alması ekran işinə rəng qatıb.
Filmin rejissoru son zamanlar “Pərdə” və “İkinci pərdə” filmi ilə uğur qazanan Emil Quliyevdir.
Pərviz Hüseyn
Foto: Ehtiram Jabi
www.oxu.az
Rəylər