Milli Məclisin deputatı Etibar Hüseynov xalq artistlərinə müraciət edərək, onları barışığa çağırıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, F.Kərimova isə “Mənimlə İlhaməni bir sıraya qoymaq özü bir səhvdir. Mən bu fikirlərlə qəti razı deyiləm. Etibar müəllimin sənətdən az-çox başı çıxır. İstəməzdim ki, ondan belə bir təklif eşidim.
İlhamə Quliyevanın Azərbaycan musiqi tarixində qalası bir dənə də ifası yoxdur. Təbii ki, məndən fərqli olaraq” - deyə, deputatın qeyd olunan niyyətini cavablandırıb.
Məsələyə münasibət bildirən xalq artisti İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərli isə açıqlamasında deyib ki, İlhamə Quliyevanın sənəti haqqında aşağılayıcı fikir söyləməyin özü yanlışdır:
“Bütün dövlət tədbirlərində İlhamə xanım ən yüksək kürsüdən danışır. Onun sənəti göz qarşısındadır. Bu baxımdan da onun sənəti barəsində nə isə danışmaq düzgün deyil. Tarixi yazan şəxslər var. Onları da hamı tanıyır”.
C.Cəfərlinin sözlərinə görə, bir məsələni davamlı olaraq, təkrarlamaq xalq artistinə yaraşan hərəkət deyil:
“Görünür, xalq artistlərini barışdırmağı deputat Etibar Hüseynovdan başqa adam xahiş edib. İlhamə xanım bütün məsələlərdə qərarını özü verir. Prezident İlhamə xanımın qiymətini yüksək səviyyədə verib”.
Vəkil qeyd edib ki, tarixdə kimin qalmasını Flora Kərimova deyil, zaman müəyyənləşdirəcək.