Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əməkdar artist: "Bizdə yüngül gülüşə təbliğat çoxdur"
"Dövlətimizə bir daha təşəkkür edirəm ki, Gənc Tamaşaçılar Teatrına "Milli" statusu verdilər. Bu teatrımızın bütün kollektivi üçün, düşünürəm elə tamaşaçılar üçün də böyük dəyər və qiymətdir. Biz bunu doğrultmağa çalışırıq. Bizim teatrda hər zaman nəsə qaynama prosesi gedir, yeni tamaşa hazırlanır. Saysam ki, yanvar ayından etibarən bu günə qədər teatrda neçə tamaşa təhvil vermişəm, dövlət əhəmiyyətli tədbirləri üstünə gəlsək, onların sayı 12-ni keçir. Bu sadəcə bir yarımilliyə olan hesabatdır.
Bu günlərdə Pərviz Seyidlinin "Ümid nəğməsi" adlı tamaşanı təhvil verdim. Bundan sonra biz həmin tamaşa ilə Özbəkistandakı festivalda iştirak edib, çox böyük uğurla vətənə qayıtdıq. Bununla paralel teatrda "Fiqaronun toyu" əsərinin məşqləri gedir. Bizim teatr salonumuz 350 nəfərlikdir. Elə də böyük deyil. Mən öz tamaşalarımda salonun boş olduğunu görməmişəm. Zatən min nəfər gəlsə, onlara yer olmayacaq. O 350 nəfər bizə bəsdir. Bilet satışa çıxarılan kimi satılıb qurtarır. Hərdən tamaşalarıma öz yaxınlarım üçün belə bilet götürə bilmirəm".
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov deyib. O daha sonra yüngül komediyalarla bağlı suala münasibət bildirib.
"Mən tamaşaçını heç vaxt günahlandırmamışam. Tamaşaçı hər zaman haqlıdır. O nəyə baxmaq istəyirsə, ona baxır. Nəyə gülmək istəyirsə, ona gülür. Biz ona deyə bilmərik ki, sən buna baxma və yaxud da gülmə. İş gəlir bizim öz üzərimizə. Biz nəyi təqdim edirik?! Biz tamaşaçını necə tərbiyələndirib, ona nəyi aşılayırıq?!
Əgər keyfiyyətli komediya təqdim olunsa, düşünürəm ki, tamaşaçı ona baxar. Tamaşaçıya yaxşı tamaşa təqdim etmək lazımdır. Teatrların da vəzifəsi budur. Yüngül gülüş vasitələrindən istifadə edən komandalara pis baxmıram. Normal baxıram. Bütün dünyada bu var. Allah onların da işini avand etsin, ruzilərini versin. Sadəcə tamaşaçı üçün seçim olmalıdır. Hər bir dövlətdə yüngül gülüş doğuran aktyorlar, aktyorluqla məşğul olan insanlar var, həm də çox ciddi sənətlə məşğul olan sənətkarlar var. Təbliğat hər ikisinə eyni cür gedir. Bəlkə də ciddi sənəti daha çox təbliğ edirlər. Bizdə isə əksinə, yüngül gülüşə təbliğat daha çoxdur, ciddi yaddan çıxır, unudulur", - deyə rejissor bildirib.
"Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı" teqi üzrə xəbərlər
- Bu həftə - 16-22 dekabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Bu həftə - 11-17 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Bu həftə - 4-10 noyabr tarixlərində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Bu həftə - 28 oktyabrdan 3 noyabradək Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
- Oktyabrın son həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA