ABŞ-nin məşhur "Dostlar" serialının ulduzu Metyu Perriyə qanunsuz olaraq ketamin verən doktor Salvador Plasensiya 30 aylıq həbs cəzasına məhkum edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri məlumat verib.
Qəzet qeyd edir ki, iyun ayında təqsirləndirilən şəxs bu güclü anestezikin paylanmasında günahını etiraf edib. 44 yaşlı tibb işçisi Kaliforniyanın təcili yardım klinikasında işləyib. İş sənədlərində bildirilir ki, Metyu Perrinin ölümündən bir ay əvvəl Plasensiya həmkarına mesaj göndərib.
"Maraqlıdır, görəsən bu axmaq nə qədər pul ödəyəcək? Gəlin öyrənək", - deyə o, mesajda yazıb.
Hökm oxunarkən həkim dəfələrlə alnından tərini silib. O qeyd edib ki, illərlə insanlara kömək etməyə çalışıb, lakin Perriyə kömək edə bilməyib və onun hərəkətlərinə heç bir şəkildə bəraət qazandırmaq olmaz. Məhkəmədə o, aktyorun ailəsinə müraciət edərək, çox təəssüfləndiyini bildirib.
Məlumata görə, Plasensiya Perri işi üzrə məhkum edilən ilk şəxs olub.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Kaliforniyadakı evində ölü tapılan Metyu Perrinin cəsədinin yarılması zamanı onun qanında ketamin tapılıb. Anestetikin səviyyəsi ümumi anesteziya üçün istifadə edilən dozaya bərabər olub. Perri hidromasaj vannasında "üzüaşağı şəkildə" aşkarlanıb. "Dostlar"ın ulduzu, 54 yaşlı aktyor ömrünün böyük bir hissəsini alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb.