46 yaşlı müğənni Cennifer Lopez həyatı boyunca yaşadığı ən böyük peşmanlığnın Mark Entoni ilə olan 7 illik evliliyi olduğunu söyləyib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ifaçı açıqlamasında “o dövrdə evliliyimi davam etdirə bilmək üçün öz yolumu itirdiyimi hiss etmişdim” deyib.

Lopez və Entoni ilk dəfə 1990-ci ildə eşqbazlıq etmiş, ancaq ikisi də başqa insanlarla evlənmişdilər. Cütlük sonra yenidən bir araya gələrək 2004-ci ildə ailə qurmuşdu. Bu evlilikdən dörd il sonra onların Maks və Emmi adında əkiz körpələri olmuşdu.

2012-ci ildə isə Entoni boşanma iddiası açmışdı və cütülük rəsmən boşanmışdı.
Lopez o dövrdə yaşadıqlarını belə izah edir:
“Yəqin həm Mark, həm də mən ölənə qədər birlikdə olmalıyıq deyə düşünmüşdük. Bütün ürəyimi və ruhumu evliliyimə həsr etmiş və əslində kim olduğumu unutmuşdum. Ancaq boşandıqdan sonra nə qədər güclü olduğumu hiss etdim. Kaş bədbəxt bir evliliyi davam etdirmək üçün bu qədər səy göstərməzdim”.

Bu evlilikdən sonra Cennifer Lopez özündən 18 yaş kiçik rəqqas sevgilisi Kasper Smartla birlikdə olmağa başladı. Mark Entoni isə 2014-ci ildə indiki həyat yoldaşı Shannon De Lima ilə evləndi.


Lopez keçmiş həyat yoldaşı ilə uşaqları üçün həyatlarının sonuna qədər dost qalmağa qərar verdiklərini söyləyib:
“Ataları yanlarında olmadığı zaman, atalarının onları nə qədər çox sevdiyini xatırlatmaq mənim məsuliyyət borcumdur. Onların bu mövzuda kədərlənməsini istəmirəm. Eyni zamanda atalarının yanında olduqlar zaman da Mark onlara “ananız işləyir və sizi çox sevir” deyir.