Amerikalı müğənni Meraya Keri qardaşının ona qarşı qaldırdığı 20 milyon dollarlıq iddiadan qalib çıxıb.
Oxu.Az "Rolling Stone" nəşrinə istinadən xəbər verir ki, Nyu-York ştatının Ali Məhkəməsi Morqan Kerinin müğənniyə qarşı iddiasını rədd edib.
Morqan bacısını böhtanda ittiham edib. O, 2020-ci ildə nəşr olunan "Meraya Keri: Həyatımın mənası" adlı memuarda özü haqqında yayılan məlumatların nüfuzuna xələl gətirdiyini iddia edərək müğənnidən 20 milyon dollar təzminat tələb edib.
Lakin məhkəmə iddianı təmin etmək üçün kifayət qədər əsas tapmayıb. Qərarda qeyd olunub ki, iddiaçı Meraya Kerinin bilərəkdən yalan məlumat yaydığını və ya həmin məlumatların doğruluğunu yoxlamağa etinasız yanaşdığını sübut edə bilməyib.
Meraya Keri memuarında qardaşı haqqında xoşagəlməz fikirlər səsləndirərək onu qəddar insan adlandırıb. Müğənni həmçinin Morqanı qanunsuz maddələrin alverində iştirak etməkdə ittiham edib və onun aqressiv davranışlarından bəhs edib.