Amerikalı rejissor və ssenarist Skott Derriksonun "Sinister" filmi tamaşaçıların ürək döyüntüləri əsasında aparılan araşdırmanın nəticələrinə görə tarixin ən qorxulu filmi seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Qorxu elmi" (Science of Scare) layihəsinin saytında məlumat verilib. "Sinister" artıq dörd ildir ki, reytinqdə birinci yeri tutur.
Tarixin ən qorxulu filmləri reytinqində ikinci yeri Rob Sevicin "Astral. Onlayn", üçüncü yeri isə Kayl Edvard Bollun "Skinamarink" filmləri tutub. Araşdırma 2020-ci ildən bəri hər il aparılır.
"Qorxu elmi" layihəsinin məlumatına görə, 2026-cı ildə çəkilmiş yeni qorxu filmləri tarixin ən qorxulu 25 filmi sırasına daxil ola bilməsələr də, ilk 50-likdə yer alıblar.
Yeni filmlər arasında birinci yeri Ayen Tuasonun "Yarımton" filmi tutub. Ümumi reytinqdə 33-cü yerdə qərarlaşan film, ikinci yerdə olan Karri Barkerin "Obsessiya" filmini geridə qoyub. Sonuncu film ümumi siyahıda 35-ci yerdədir.
Layihə, həmçinin tarixin ən qorxulu qəfil qorxutma səhnələrinin reytinqini də hazırlayır. 2020-ci ildən bəri bu siyahıda birinci yeri Ceyms Vanın "Astral" filmindəki səhnə tuturdu. Lakin bu il Zak Kreqqerin "Resident Evil" filmindəki qəfil qorxutma səhnəsi onu geridə qoyub.
"Qorxu elmi" komandasının üzvləri hər il ingilisdilli qorxu filmlərini seçərək bir neçə həftə ərzində onları 250 nəfərlik iştirakçı qrupuna nümayiş etdirirlər. Tədqiqatçılar tamaşaçıların nəbzinin orta hesabla nə qədər artdığını, ürək ritmində qeydə alınan ən böyük sıçrayışı və ürək döyüntülərinin dəyişkənliyinin nə dərəcədə azaldığını ölçürlər. Daha sonra bu göstəricilər birləşdirilərək ümumi "qorxu indeksi" hesablanır.