Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Planet Parni iz Baku”: Bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq – FOTO + VİDEO
Aprelin 28-i və 29-da Heydər Əliyev Sarayında “Planet Parni iz Baku” KVN Teatrının fəaliyyətinin 15 ili, teatrın aparıcı aktyorları - Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, aktyorlar Azər Məmmədzadə, Emil Abbasovun səhnə fəaliyyətlərinin 25 ili tamam olması münasibətilə “İdeal milli yumor” adlı konsert baş tutdu.
Oxu.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 2 günlük konsert proqramı anşlaqla keçdi. Bakılı oğlanlar bu dəfə də həmişə olduğu kimi düşündürərək güldürməyi bacardılar.
Konsertdə yer alan səhnəciklərdə şəhidlərimiz yad olundu, dünyasını dəyişmiş görkəmli sənətkarlarımız anıldı, dövlət rəsmiləri təqlid olundu, telekanallarımızda insanların zövqünü korlayan verilişlər tənqid edildi, cəmiyyətdə baş verən problemlər öz əksini tapdı.
Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanmış “Sevimli şou” verilişi ilə bağlı hazırlanan nömrə də insanların gülüşünə gülüş qatdı.
Diqqət çəkən məqamlardan biri də “Planet Parniz iz Baku” KVN Teatrının aktyorlarının övladlarının çıxışı oldu.
Ən maraqlılardan isə “Mili Məclisin iclası”, “Prezidentin nazirlərlə və digər rəsmi şəxslərlə “whatsapp-la yazışması” səhnəciyi oldu. Bu nömrə başlayandan bitənədək zalda əyləşənlərin gülüşünün ardı-arası kəsilmədi.
Tahir İmanovun canlandırdığı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhnələri isə xüsusilə hər kəsə sonsuz gülüş bəxş etdi.
Konserti izləməyə gələn tanınmışlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, millət vəkili Şəmsəddin Hacıyev, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov, Xalq artistləri Fərhad Bədəlbəyli, Arif Babayev, Murad Adıgözəlzadə, Amaliya Pənahova, Mənsum İbrahimov, Valeh Kərimov, Fuad Poladov, Əməkdar artistlər Tünzalə Ağayeva, Mehriban Xanlarova, Murad Dadaşov və digərləri yer alırdılar.
Konsert proqramının sonunda “Planet Parniz iz Baku” KVN Teatrının rəhbəri, əməkdar artist Tahir İmanov fəaliyyətlərinə görə tənqid etdiyi bəzi məmurların göstərişi ilə 2015-ci ildən onların telekanallara çıxışına qadağa qoyulmasını vurğuladı.
Tahir İmanov çıxışında “bizə ömürlük qadağa qoyulsa da, dövlətə və dövlətçiliyə sadiq qalacağıq” deyə bildirdi.
O, Azərbaycanda KVN Teatrının mövcudluğuna görə Heydər Əliyevə minnətdar olduğunu söylədi.
Sonda “Planet Parniz iz Baku” KVN Teatrının rəhbəri, əməkdar artist Tahir İmanov teatrın aparıcı aktyorları Cabir İmanov və Bəhram Bağırzadəyə Əməkdar artist adının verilməsi münasibətilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə öz təşəkkürünü bildirdi.
“Bu illər ərzində dəstəyinizə görə sizə təşəkkürümü bildirirəm, cənab perzident!”, - deyə T.İmanov sözlərinə əlavə etdi.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər