Masallı sakinləri Telli Borçalının yalan danışmasına etiraz edərək, məsələnin aydınlaşmasını tələb ediblər.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, aşıq Telli Borçalı 20 Yanvar günü Masallıda toyda olması ilə bağlı verdiyi açıqlamadan sonra Şıxlar kəndinin camaatının etiraz etməsinə münasibət bildirərkən deyib:
“Həmin telekanalın jurnalisti mənə zəng edəndə yuxulu olduğumdan ağlıma “Masallıda toydayam” demək gəldi. Çünki o istəyirdi ki, məndən aşıq Namiq Fərhadoğlunun konserti ilə bağlı münasibət öyrənsin. Sən demə, həmin konsertdə rəqqasə Aytən aşıq mahnısına oriyental oynayırmış.
Mən də bu haqda danışmaq istəmədiyim üçün yalan dedim. Müsahibə verməkdən boyun qaçırmaq istədim. Mən bir daha Masallı camaatından üzr istəyirəm. Üzr istəməyi özümə əskiklik bilmirəm. Sadəcə, bu hadisəni şouya çevirmək lazım deyil”.
Xatırladaq ki, yanvarın 20-də aşıq Telli Borçalı Aytən Səfərovanın aparıcısı olduğu “Salam, Azərbaycan” verilişinin müxbiri ilə telefon danışığı zamanı bildirib ki, Masallıda toydadır.
Mətbuatda yer alan xəbərlərə əsasən isə Masallının Şıxlar kəndinin sakinləri Telli Borçalının yalan danışmasına etiraz edərək, məsələnin aydınlaşmasını tələb ediblər.