Türkiyənin Belek bölgəsində yerləşən beşulduzlu "Port Nature Luxury Resort Hotel"də Valeri Meladzenin çıxışı istirahət edənlərin uyğunsuz davranışı səbəbindən yarımçıq qalmaq təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, konsert zamanı sərxoş bir qrup proqrama davamlı olaraq müdaxilə edib: qonaqlar sənətçidən salamlar çatdırmağı, kiminsə ad gününü təbrik etməyi, xüsusi mahnılar oxumağı və birgə fotoşəkil çəkdirməyi tələb ediblər. Hətta müğənni bir anlıq çıxışını dayandıraraq mikrofonda "Alisa Sergeyevnadan salamlar" deməyə və fotosessiyada iştirak etməyə məcbur qalıb.
Buna baxmayaraq, Meladze əvvəlcə konserti gözəl şəkildə yekunlaşdırmağın, daha sonra isə qeyri-rəsmi ünsiyyətə keçməyin vacibliyini vurğulayıb. Sənətçi istirahət edənlərlə birlikdə içki içmək təklifindən isə qəti şəkildə imtina edib.
Konsertin tamaşaçıları arasında aktrisa Yana Koşkina və qızı ilə birlikdə çıxışı izləməyə gələn Rusiyanın Əməkdar artisti Pelageya da diqqət çəkiblər. Mətbuatın yazdığına görə, müğənni gecəni VIP zonada bir qədəh şampan şərabı ilə keçirib.
"SHOT", həmçinin bildirir ki, yay mövsümü çərçivəsində sözügedən hoteldə Valeri Meladzenin ümumilikdə altı, Leonid Aqutinin isə yeddi konserti planlaşdırılıb. Hoteldə ikinəfərlik birhəftəlik istirahətin qiyməti büdcəli otaqlar üçün 4 200 dollardan başlayır, lüks nömrədə qalmaq isə təxminən 11 min dollara başa gəlir.