Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq konvensiya qoşulur.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub.
Layihə "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında" Beynəlxalq Konvensiya 5 oktyabr 2001-ci il tarixində London şəhərində imzalanıb.
Konvensiyanın məqsədi gəmilərdə istifadə olunan çirklənmə əleyhinə sistemlərin dəniz mühitinə və insan sağlamlığına zərərli təsirlərinin qarşısının alınması, bu sahədə beynəlxalq nəzarət mexanizminin yaradılması və ekoloji cəhətdən daha təhlükəsiz sistemlərin tətbiqinin təşviq edilməsidir.
Konvensiya ilə tərəf dövlətlər üçün zərərli çirklənmə əleyhinə sistemlərin tətbiqinin məhdudlaşdırılması və ya qadağan edilməsi, gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, bu sahədə monitorinq və məlumat mübadiləsinin həyata keçirilməsi ilə bağlı öhdəliklər müəyyən olunur.
Konvensiyaya əsasən, beynəlxalq səfərlərdə iştirak edən müəyyən kateqoriyalı gəmilər üçün müvafiq beynəlxalq şəhadətnamələrin və bəyannamələrin verilməsi nəzərdə tutulur. Gəmilərin Konvensiyanın tələblərinə uyğunluğu tərəf dövlətlərin səlahiyyətli orqanları və ya tanınmış təşkilatlar tərəfindən aparılan yoxlamalar vasitəsilə müəyyən edilir.
Bununla yanaşı, Konvensiya çərçivəsində zərərli maddələrin qiymətləndirilməsi üçün elmi və texniki mexanizmlər müəyyən edilir, Beynəlxalq Dəniz Təşkilatı (IMO) çərçivəsində müvafiq prosedurlar və əməkdaşlıq tədbirləri nəzərdə tutulur.
Layihə müzakirə edildikdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.