"Gör nələri qaytarmışıq" verilişinin növbəti buraxılışı bir vaxtlar faciənin, bu gün isə ədalətin və qayıdışın rəmzinə çevrilən Xocalıya həsr olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və 366-cı motoatıcı alay tərəfindən Xocalıda dəhşətli soyqırımı törədildi. Bu amansız qətliam zamanı 613 mülki sakin qətlə yetirildi - 63 uşaq, 106 qadın və 70 qoca. 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirdi.
Bu faciəyə hüquqi-siyasi qiymət verilməsi üçün uzun illər "Xocalıya ədalət!" kampaniyası aparıldı.
Xocalının əsl tarixi ədaləti isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan hərbi Zəfər və qisas alan qəhrəman Ordumuz sayəsində bərqərar olundu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə bölgədəki separatizm yuvası birdəfəlik ləğv edildi. Nəhayət, 15 oktyabr 2023-cü ildə Azərbaycan Bayrağı Xocalıda dalğalandı.
Hazırda gələcək nəsillərin tarixi yaddaşını qorumaq məqsədilə şəhərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Xocalı Soyqırımı Memorial Kompleksi yaradılmaqdadır.
"Böyük Qayıdış" proqramı çərçivəsində bərpa edilən Xocalıya ilk köç 2024-cü ilın mayında baş tutdu və sakinlər Xanyurdu, Ballıca kimi doğma kəndlərinə geri döndülər.
Şəhərin iqtisadiyyatını dirçəltmək üçün qədim ənənələr bərpa olunur, bir hektar sahəyə 10 min ting olmaqla yeni tut bağları salınaraq əhalinin məşğulluğu təmin edilir.
XVIII əsrə aid olan və işğaldan azad edilən tarixi Əsgəran qalası isə bu gün bölgənin həm daş yaddaşı, həm də mühüm turizm marşrutu kimi yenidən canlanır.