"Hesablama Palatasının təhlili göstərir ki, iqtisadi artımın əsas yükünü nəqliyyat və ticarət sektoru daşıyıb. Bu göstəricilər onu göstərir ki, iqtisadiyyatımızda artımın daha geniş əsaslar üzərində formalaşmasına nail olmağa ehtiyac var. Biz daha çox xidmət sektorunun hesabına böyüyürük, lakin məhsuldarlıq və yeni dəyər yaradan sahələrdə inkişaf tempinin sabit artımına nail olmağa ehtiyac var".
Oxu.Az xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O, Palatanın inflyasiya ilə bağlı təhlilinə də münasibət bildirib:
"2025-ci ildə orta illik inflyasiya 5,6 faizə yüksəlib. Təhlillər göstərir ki, inflyasiyanın formalaşmasında həm xarici amillər, o cümlədən idxal inflyasiyası, həm də daxili amillər, dövlət tərəfindən tənzimlənən tariflərin artırılması və s. mühüm rol oynayıb. Bu şəraitdə, düşünürəm ki, fiskal və monetar siyasət arasında koordinasiyanın daha da gücləndirilməsi vacibdir. Çünki qiymət sabitliyi artıq təkcə Mərkəzi Bankın deyil, bütövlükdə iqtisadi siyasətin nəticəsidir.
Maliyyə Nazirliyinin təqdim etdiyi sənədlər və Hesablama Palatasının rəyi ilə tanış olarkən xüsusilə bir məqam diqqəti cəlb edir. Dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə proqnoz və fakt göstəriciləri arasında fərq cəmi 1,6 faiz təşkil edib. Bu isə fikrimcə, büdcə planlamasının keyfiyyətinin yüksəldiyini göstərən mühüm göstəricilərdən biri sayılmalıdır", - deyə deputat vurğulayıb.