Məşhur müğənni Valeri Meladze Rusiya ərazisindəki konsert fəaliyyətinə son qoyub.
Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, gürcüəsilli müğənni hətta özəl tədbirlərdə və korporativ məclislərdə iştirakdan belə boyun qaçırır.
Sənətçi bu addımı bir neçə qalmaqaldan - Ukrayna ordusunun maliyyələşdirilməsinə dair yoxlamalardan və Qırğızıstandakı konsertinin ləğvindən sonra atıb. Qeyd olunur ki, hazırda Meladze əsas diqqətini ölkə xaricindəki qastrol səfərlərinə cəmləyib.
Müğənninin həyat yoldaşı Albina Canabayeva mütəmadi olaraq Moskvaya gələrək oradakı evlərində qalır. Meladzeni isə xaricdəki rusdilli auditoriya və əcnəbi təşkilatçılar dəvət edirlər. Müğənni daha çox Dubayda çıxış edir və burada qapalı məclislər üçün tələb etdiyi qonorar 130 min avroya qədər yüksəlir. Konsertlər arasındakı fasilələrdə isə ifaçı İspaniyada yaşayır.