"Başa çatmaq üzrə olan mundial bütün gözləntiləri üstələyib və dünyanı birləşdirə bilib".
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Manhettendəki "Trump Tower"də keçirilən tədbirdə bildirib.
"Sizə möhtəşəm dünya çempionatı keçirəcəyimizə söz vermişdim. Şübhəsiz ki, turnir bütün gözləntiləri üstələdi. Amerika arzusu reallığa çevrildi, biz dünyanı Amerikada birləşdirdik", - deyə İnfantino qeyd edib.
FIFA rəhbəri Trampa müraciət edərək əlavə edib: "Cənab prezident, sizin tərifə ehtiyacınız yoxdur, amma bu dünya çempionatı sizsiz bu qədər uğurlu olmazdı. Bu, tarixdə sadəcə ən böyük dünya çempionatı deyil, sosial və mədəni baxımdan bəşəriyyət tarixində ən böyük hadisədir".
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə tarix ərzində ilk dəfə olaraq 48 milli komanda mübarizə aparıb. İyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı İst-Raterford şəhərində baş tutacaq həlledici final matçında Argentina və İspaniya yığmaları üz-üzə gələcəklər.