ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasının tədqiqatları əsasında və mandatına uyğun olaraq bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərməyə hazırlaşır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ATƏT DTİHB seçkiləri izləmək üçün müşahidəçi missiyasının rəhbəri, missiya rəhbərinin müavini, politoloq, seçki, hüquq sahəsi, media üzrə analitik və uzunmüddətli müşahidəçi koordinatoru vəzifələri üzrə xarici məsləhətçilər axtarır.
Məlumatda qeyd edilir ki, seçiləcək namizədlərin iş müddəti müvəqqətidir və 8 həftə çəkəcək. Əgər seçkilərin ikinci turuna ehtiyac olsa, onların işi daha 3 həftəyə uzadıla bilər.
Namizədlər Azərbaycan istisna olmaqla, ATƏT-ə üzv ölkələrin vətəndaşları olmalı və 2013-cü ilin avqustunda tam hazır olmalıdırlar ki, tez bir zaman ərzində müşahidə aparılacaq ölkəyə uça bilsinlər.