Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdamda erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gələn nümayəndə heyəti bu tarixi məkan barədə məlumatlandırılıb. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçiriləcək quruculuq işləri çərçivəsində Xurşidbanu Natəvanın abidəsi bərpa edilib. Pənahəli Xanın Sarayı və İmarət kompleksində də bərpa işləri həyata keçirilir. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Cümə məscidində bərpa-restavrasiya işləri həyata keçirilir.
Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə bir etdikləri binaların qalıqlarına da baxıblar.
Nümayəndə heyəti daha sonra Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsinə gəlib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamın tarixi, indiki vəziyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə, o cümlədən Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olub.